Ölkəmizdə davam edən xüsusi karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyinin Aparatı, nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə yanaşı, regional idarələr də videokonfrans rejimində fəaliyyətlərini davam etdirirlər.
Sumqayıt Regional Mədəniyyət İdarəsi üzrə tabe müəssisələrin rəhbərlərinin onlayn müşavirəsində yaranmış şəraitə uyğun olaraq fəaliyyətin elektron vasitələrlə təmin olunması barədə danışılıb. İdarənin rəisi Mehman Şükürov onlayn rejimdə musiqi dərsləri, muzey və kitabxanaların virtual formatda fəaliyyəti ilə bağlı tapşırıqlar verib.
Mədəniyyət müəssisələrində onlayn layihələr
Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən başlanılan “Evdə mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələri çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzinə sosial şəbəkələr vasitəsilə virtual ekskursiyalar təşkil edilir. İzləyicilərə təqdim edilən növbəti videoçarxda “Azəripək” MMC-nin xalça sexində əl üsulu ilə toxunmuş və ilmələrində Azərbaycanın tarixi və müasir memarlıq nümunələrinin əks olunduğu süjetli xalça barədə ətraflı məlumat verilib. Yüksək peşəkarlıqla hazırlanan sənət nümunəsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
***
İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeni tariximizin qəhrəmanlıq səhifəsi olan 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş virtual rəsm müsabiqəsi keçirilib. Müsabiqədə hər iki müəssisədə fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri iştirak ediblər. Dərnək üzvləri vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda əl işlərini nümayiş etdiriblər.
Ahıl vətəndaşlara diqqət və qayğı
Yaşlı insanlara qayğı xalqımızın yaşatdığı vacib keyfiyyətlərdəndir. Karantin rejiminin tələbinə görə evindən çıxa bilməyən 65 yaşdan yuxarı insanları bu günlər regional mədəniyyət idarələrinin əməkdaşları da diqqətdən kənar qoymurlar.
Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları yaşı 65-i ötmüş keçmiş mədəniyyət işçisi Jalə İsmiyevanı ziyarət edərək, ona bir sıra zəruri ərzaq məhsulları aparıb, qayğıları ilə maraqlanıblar.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ahıska kənd Sənətkarlıq evinin əməkdaşları karantin rejimi ilə əlaqədar olaraq 91 yaşlı kənd sakini Sepo Türenova evində sosial xidmət göstəriblər.
Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin əməkdaşları əvvəllər rayon Mərkəzi kitabxanasında çalışmış Maisə Kərimovanı yaşadığı evdə ziyarət ediblər. Görüş zamanı ona zəruri ərzaq məhsulları verilib.
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Qaraxanlı kənd kitabxana filialının əməkdaşları uzun müddət bu sahədə çalışmış 76 yaşlı Adilə Əliyeva ilə görüşüb, tibbi ləvazimat və ərzaq sovqatı təqdim ediblər.
Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq incəsənət məktəbinin kollektivi tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan ahıl şəxslərə gündəlik əsas tələbat malları, dərman vasitələri təqdim edilib.
Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən Kəlbəcər rayon MKS-nin Kərəmli kənd kitabxana filialının müdiri, məcburi köçkünlər üçün inşa edilmiş Yeni qəsəbədə tənha yaşayan Ziyafət Süleymanovaya baş çəkilib, ona sovqat verilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin müəssisələrində əvvəllər çalışmış və hazırda işləməyən tənha, yaşı 65 və daha yuxarı sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçiləri də unudulmayıb. Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı 66 yaşlı İnqilab Mikayılov da onlardan biridir.
Balakən rayon MKS də “Ahıllara dəstək olaq” təşəbbüsünə qoşulub. MKS-nin Uşaq şöbəsinin könüllüləri 72 yaşlı Sevil Qurbanovaya, Katex kənd kitabxanasının könüllüləri 81 yaşlı Hürü Eminayevaya, Qazma kənd kitabxanasının könüllüləri uzun müddət kitabxanada çalışmış, hazırda təqaüddə olan Kifayət Qomurovaya baş çəkərək onlara ərzaq yardımı göstəriblər.
Qeyd edək ki, könüllülər tərəfindən bu xidmətlər yaşlı şəxslərlə birbaşa təmas olmadan, bütün sanitar qaydalara riayət edilməklə həyata keçirilir.
Nurəddin MƏMMƏDLİ