Bakıda “Ertuğrul 1890” filminin premyerası

Martın 2-də Nizami Kino Mərkəzində Yaponiyanın və Türkiyənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə iki dövlətin müştərək istehsalı olan “Ertuğrul 1890” filminin qala-gecəsi keçirilib.
2015-ci ildə tarixi dram janrında çəkilən film Yaponiya ilə Türkiyənin dostluğunu gücləndirən tarixi hadisələrdən bəhs edir.
Gecədə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Meral Barlas filmin çəkilmə səbəblərindən söz açıb. İki ölkə arasında mədəni sahədəki əlaqələrinin inkişafına toxunan M.Barlas Türkiyə tarixində böyük faciələrdən sayılan belə bir hadisənin ekranlaşdırılmasından məmnunluğunu ifadə edib.
Qeyd olunub ki, 1889-cu ildə Sultan II Əbdülhəmidin Yaponiyaya saf dostluq niyyəti ilə göndərdiyi “Ertuğrul” döyüş gəmisi geri qayıdarkən qəzaya uğrayıb və 500-dək türk əsgəri şəhid olub. Hadisə nəticəsində şəhid olmuş insanların belə bir möhtəşəm filmlə xatırlanması tarix olaraq gələcək nəsillərin yaddaşında yaşayacaq.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib ki, film iki ölkə arasında dostluq əlaqələri ilə yanaşı, həm də həqiqətlərə əsaslanan bəşəri dramdır. Diplomat belə ekran əsərlərinin xalqları daha da bir-birinə yaxınlaşdıracağını söyləyib. Ötən ilin noyabrında Türkiyədə premyerası olan filmin yaponiyalı kinosevərlər tərəfindən də maraqla qarşılandığını deyən diplomat belə bir dəyərli ekran əsərini araya-ərsəyə gətirənlərə minnətdarlığını bildirib.
Yaponiyalı rejissor Mitsutoshi Tanakanın quruluşunda təqdim olunan filmdə tanınmış aktyorlar - Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert rol alıb.
Filmdə 1890-cı ildə yapon sularında batan Osmanlının “Ertuğrul” savaş gəmisinin qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq səyləri, eyni zamanda 1985-ci ildə Səddam Hüseynin təhdidi ilə Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının Turqut Özalın təlimatı nəticəsində Türk Hava Yolları tərəfindən İran-İraq müharibəsindən qurtarılmasından bəhs edilir.