Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-4 iyun 2016-cı il tarixində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.
Festivala film qəbulu 15 aprel 2016-cı il tarixinə qədər davam edəcək. Təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:
Ölkə, region, şəhər;
Mədəniyyət, ənənə;
Reklam filmləri;
Ekoturizm və digər turizm növləri;
TV məhsul (filmlər, videoçarxlar).

Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli mükafat uğrunda mübarizə aparacaqlar. Festivalın ən yaxşı filminə isə Qran-pri mükafatı veriləcək.
Festivalda müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminar-müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və media təmsilçiləri arasında fikir mübadiləsi keçiriləcək.
BBTFF mənzil qərargahı Vyanada yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.