Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Molla Nəsrəddin” jurnalının nüxsələrini bərpa edir.

2018-ci ildə Azərbaycan İstiqlal Muzeyindən mərkəzə daxil olan 151 səhifəlik “Molla Nəsrəddin” məcmuəsi  1923, 1924 və 1925-ci illəri əhatə edir. Jurnalın nüsxələri  mərkəzin ali dərəcəli bərpaçı-rəssamı, Əməkdar mədəniyyət işçisi Xatirə Tağıyeva və bərpaçı Pərvin Sadıqova tərəfindən bərpa edilərək muzeyə təhvil verilib.

Mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova bildirib ki, bu günə kimi mərkəzin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyindən daxil olan 1923, 1924 və 1925-ci ildə çap edilən 70 nüsxəni də bərpa edərək muzeyə təhvil verib. Yaxın zamanlarda isə muzey tərəfindən təqdim ediləcək 1909-1910-cu illərə aid nüsxələrin bərpa edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan satirik mətbuatının təməlini qoymuş “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi 1906-cı ilin 7 aprelində Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilən jurnalın redaktoru Cəlil Məmmədquluzadə olub. 25 il ərzində jurnalın 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) işıq üzü görüb.

LALƏ