Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olan alimlər arasında tənqidçi və mətnşünas Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun da adı ehtiramla çəkilir.

Zəngin elmi və mətnşünaslıq irsi yaradan alimin bu il anadan olmasının 100 illiyi qeyd edilir. Prezident İlham Əliyev 28 fevral 2020-ci il tarixində bununla bağlı sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr edib, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətləri sırasında özünəməxsus yer tutur və sonrakı tədqiqatlar üçün mühüm elmi baza rolunu oynayıb.

***

Əziz Mirfeyzulla oğlu Mirəhmədov 11 fevral 1920-ci ildə Bakı şəhərində anadan olub və orta təhsilini 25 nömrəli məktəbdə alıb. Ədəbiyyata olan həvəsi onu Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsinə gətirib. İlk məqaləsi tələbə ikən “Müəllim qəzeti”nin 13 may 1938-ci il nömrəsində çap olunub. İnstitutu bitirdikdən sonra bir müddət ali və orta məktəblərdə dərs deyir. Alimin tələbəsi olmuş Xalq şairi Bəxtiyar Vahabzadə öz xatirəsində deyir: “Xəyalım ilk tanışlığımıza – 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı”. Əslində, Ə.Mirəhmədovun sonrakı elmi fəaliyyəti onun çox zəngin faktlar xəzinəsi yaratdığını ortaya qoydu. 

Onu yaxşı tanıyan müəllimləri – akademiklər Həmid Araslı və Məmməd Arif tezliklə Ə.Mirəhmədovu Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. Bu elm məbədində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini və direktor vəzifələrində çalışır.

Alim haqqında yazılan xatirələrdə deyilir ki, o, çox həssas, qayğıkeş, diqqətcil, sadə və səmimi insan idi. Rəhbəri olduğu aspirant və işçilərlə həm ciddi, həm də incə yumorla danışar, onların kiçicik uğurunu olduğu kimi dəyərləndirərdi.

Tanınmış ədəbiyyatşünas, tənqidçi, professor Vilayət Quliyev Ə.Mirəhmədov haqqında məqaləsində yazır: “Bir dəfə Ədəbiyyat İnstitutunun direktoru Əziz Mirəhmədov məni – öz kiçik elmi işçisini hansısa məsələyə görə xeyli axtarmış, ancaq, tapa bilməmişdi. Yəqin ki, onun yerində başqa direktor olsaydı, şöbə müdirini çağırıb işçisinin harada olduğunu soruşar, yaxud katibəsinə lazım olan adamı tapmağı tapşırardı. O, evimizə zəng vurmuş, özünü təqdim etdikdən sonra tam ciddiyətlə demişdi: “Vilayət müəllimə çatdırın ki, onun qəbuluna düşmək istəyirəm. Bilirəm, başı çox qarışıqdır, mənim kimi xırda-mırda adamlarla görüşməyə vaxtı yoxdur. Ancaq deyin heç olmasa, adımı qəbul siyahısına yazsın”. Ümumiyyətlə, “qəbula düşmək” söhbəti Əziz müəllimin çoxsaylı ənənəvi zarafatlarından biri idi. Bəzən bu zarafatı anlamayanlar onun xəfif ironiyasından qorxuya da düşürdülər”.

Geniş və hərtərəfli elmi dünyagörüşünə malik olan Ə.Mirəhmədov gərgin axtarışlar nəticəsində “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri” mövzusunda dissertasiyası müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir.

***

Ə.Mirəhmədovun bir mətnşünas alim olaraq əsas fəaliyyəti XIX əsrin sonu – XX əsrin əvvəlində yaşayıb-yaradan mütərəqqi şəxsiyyətlərin ədəbi irsini tədqiq edib öyrənmək, tərtib etmək və çap etdirmək idi. O, M.F.Axundzadə, H.Zərdabi, İ.Qutqaşınlı, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Hadi, A.Şaiq və digər ədiblərimizin söz irsini yaşatmaq bu irsi gələcək nəsillərə çatdırmaq üçün neçə-neçə dəyərli elmi əsərlər, kitablar, monoqrafiyalar, oçerklər yazaraq elmi ictimaiyyətə təqdim edib. Alim Azərbaycan klassiklərinin əsərlərinin mətnşünaslıq məsələlərinə çox böyük məsuliyyətlə yanaşırdı. Gərəkli axtarışların nəticəsi olaraq onun başçılığı ilə 1979-cu ildə “Azərbaycan mətnşünaslıq məsələləri” adlı sanballı məqalələr toplusu işıq üzü görüb. Görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayev mətnşünaslıqdan danışarkən demişdi: “Əgər bir ədəbi, bədii əsərin müəllifi bəlli deyilsə, o əsərin dilinə, üslubuna görə müəllifini araşdıran, tapan, dəqiqləşdirib meydana çıxaran yeganə mütəxəssis-mətnşünas alim Əziz Mirəhmədovdur”.

Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Ə.Mirəhmədov, eyni zamanda mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görüb. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması onun mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. “Molla Nəsrəddin” jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini uğurla başa çatdırıb. Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən alim 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifi olub.

O, hələ 40-cı illərdə – gənc ikən ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmışdı. Sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdu. O, nəşri planlaşdırılmış yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılmışdı.

***

Ə.Mirəhmədovun M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini tutarlı faktlarla ortaya qoymuşdu. Bu elmi əsərlər eyni zamanda Sabir yaradıcılığının şeirimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarmışdı. “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan “Ağlar güləyən” monoqrafiyası Sabir irsini keçmiş sovet məkanında təbliğ etdiyi kimi, ədəbiyyatşünaslığımızın da bu səviyyədə təmsil olunmaq hüququnu və imkanlarını nümayiş etdirmişdi.

Ə.Mirəhmədovun görkəmli publisist, tənqidçi və ictimai xadim Əhməd bəy Ağaoğlu haqqında yazdığı monoqrafiya da dəyərli əsərlərdən hesab olunur. Monoqrafiyada Ə.Ağaoğlunun jurnalistika, siyasət, ictimai fikir, tənqid, bədii ədəbiyyat, elm sahələrində göstərdiyi çoxcəhətli, mürəkkəb, səmərəli fəaliyyəti nəzərdən keçirilib. Müəllif kitabın ön sözündə yazır: “Həcmi bir o qədər böyük olmasa da, çox qısa bir müddətdə yazılmış monoqrafiyada Ə.Ağaoğlunun yarıməsrlik çoxcəhətli, çoxproblemli fəaliyyəti barədə müntəzəm, aydın təsəvvür vermək, şübhəsiz, asan başa gəlməyib. Buna nail olmaq, mütəfəkkir xadimi tarixi inkişafda öyrənib səciyyələndirmək üçün xronoloji prinsiplərlə yanaşı, problemlər bölgüsü də tətbiq olunub. Nəinki bir il, bir ay, hətta bir həftə ərzində, eyni zamanda bir neçə sahədə, bir neçə mühüm məsələ ilə məşğul olması da publisistin fikir dünyasını açıb şərh etməkdə az mürəkkəblik törətmir. Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu kitab cəmiyyətimiz və filologiyamız üçün xeyli mürəkkəb və qeyri-adi şəraitdə yazılıb”.

Ə.Mirəhmədovu orta məktəb dərsliklərinin taleyi də düşündürüb. Onun bu sahədə ilk təcrübəsi “Ədəbi qiraət” dərsliyi ilə bağlıdır. O, bütün “Ədəbi qiraət” dərsliklərinin, həmçinin H.Araslının 8-ci sinif üçün, F.Qasımzadə, M.C.Cəfərovun 9-cu sinif, C.Xəndanın 10-cu sinif “Ədəbiyyat” dərsliklərinin redaktoru olub. Eyni zamanda o, həmin illərdə istifadə olunan 9-cu sinif “Ədəbiyyat müntəxəbatı”nın (1948-1962) müəllifidir.

Böyük müəllimləri Məmməd Arif, Feyzulla Qasımzadə, Həmid Araslı, Mir Cəlal və Cəfər Xəndan kimi alim-pedaqoqların yolu ilə gedən Ə.Mirəhmədov özünün gərgin axtarışları sayəsində ədəbiyyatımızın tarixi üçün çox qiymətli elmi materiallar əldə edib, onları təfəkkür süzgəcindən keçirərək ədəbi-elmi ictimaiyyətin düşüncəsini xeyli zənginləşdirib.

Fədakar alim, yeni ədəbiyyatşünaslar nəslinin yetişdirilməsində mühüm xidmətlər göstərən Əziz Mirəhmədov 2002-ci il avqustun 30-da vəfat edib. Yaratdığı elmi məktəb, yoluna işıq saldığı yeni tədqiqatçılar onun hər zaman minnətdarlıqla xatırlanacağını deməyə əsas verir.

Nurəddin MƏMMƏDLİ