İtaliyanın “www.differentmagazine.it” portalında Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı barədə resenziya dərc edilib.

“Sandro Teti” nəşriyyatında çapdan çıxmış və italyan dilinə tərcümə olunmuş “Baş” (La testa) romanına resenziyanın müəllifi Miriam Bokkinodur. Əsər barədə məlumatda onun tarixi roman janrında yazıldığı vurğulanır. Bildirilir ki, romanda XVIII-XIX əsrlərdə Rusiya, Türkiyə, İran və Qafqazın (həm Şimali, həm də Cənubi Qafqaz timsalında) hökmdarlarının, tarixi şəxsiyyətlərin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik milli mənəviyyat yönündən araşdırılır, nəticədə oxucu dolğun və əhatəli biliklə təmin olunur. Burada sənəd və faktlarla müəllif təxəyyüllü məharətlə əlaqələndirilib, nəticədə yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş mənzərəsinə aydınlıq gətirilib. Yazıçı gələcəkdə ədəbi-nəzəri fikirdə yarana biləcək mübahisələri nəzərə alaraq əsərin əvvəlində romandakı hadisələrin tarix ilə üst-üstə düşmədiyini, lakin tarixilik baxımından əhəmiyyətli olan məqamların az olmadığını yazıb.

Resenziyada romandakı əsas xətt, qəhrəmanlar və onların taleyi barədə maraqlı məlumatlar və dialoqların əksini tapdığı barədə də məlumat verilir.