Xəbər verildiyi kimi, koronavirus pandemiyası üzündən Türkiyənin 31 vilayətində, o cümlədən İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərində 11-12 aprel tarixində komendant saatı elan olunub.
Hər il milyonlarla turistin ziyarət etdiyi, dünyanın ən böyük meqapolislərindən biri olan İstanbulda bu günlər səssizlik hakim olub. Şəhərdə metro səfərləri dayandırılıb. İki qitəni birləşdirən ictimai nəqliyyatın əsas təməli olan Marmaray və metrobüslər 15-20 dəqiqə ara ilə fəaliyyət göstərib, şəxsi avtomobillərin istifadəsi isə minimuma endirilib. İki qitəni birləşdirilən məşhur körpülər, tıxaclı yollar boş qalıb. Komendant saatı müddətində asayiş xidmətləri gücləndirilmiş iş rejiminə keçib.
Bundan əvvəl Türkiyə ərazisində fövqəladə vəziyyətlə bağlı son komendant saatı 1980-ci ildə, 12 sentyabr dövlət çevrilişindən sonra tətbiq olunmuşdu.
Ümumiyyətlə, Türkiyədə əhalinin siyahıyaalınması ilə əlaqədar 1927-ci ildən başlayaraq hər beş ildə bir dəfə komendant saatı elan edilirdi. Sonuncu belə sayım 2003-cü ildə olub. Ölkədə qeydiyyat sisteminin Mərkəzi Əhali İdarəsinə keçməsi ilə 2007-ci ildən sonra bu qadağanın tətbiqi aradan qaldırılıb. Bununla belə, terror qruplaşmalarına qarşı aparılan əməliyyatlar səbəbindən ölkənin bəzi bölgələrində komendant saatı və fövqəladə vəziyyət tətbiq olunub.