Tanınmış tarzən, pedaqoq Kamil Əhmədovu xatırlayarkən
Azərbaycan xalqı istedadı ilə seçilən, ictimai-mədəni həyatda iz qoyan insanlara həmişə yüksək qiymət verib, onların xatirəsini əziz tutub. Aprelin 3-də görkəmli tarzən, pedaqoq, Əməkdar mədəniyyət işçisi Kamil Əlisəttar oğlu Əhmədovun (1920-1997) anadan olmasının 100 ili tamam oldu. Kamil Əhmədovun yaxın qohumu, Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Nailə Rəhimova mərhum sənətkarla bağlı xatirələrini bizimlə bölüşdü.
Nailə xanım diqqətə çatdırdı ki, Kamil Əhmədov Böyük Vətən müharibəsinin iştirakçısı olub, müharibənin od-alovundan keçdikdən sonra həyatını musiqi sənətinə bağlayıb: “Kamil Əhmədov anamın dayısı oğludur. Ailədə iki qardaş, bir bacı olublar: İsmayıl, Kamil, Leyla. Kamil və İsmayıl Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanmışdılar. İsmayıl itkin düşmüş, Kamil isə ağır döyüşlərin birində kontuziya almış və ordudan tərxis olunmuşdu. Bacısı Leyla xanım isə həkim olaraq arxa cəbhədə, hərbi hospitalda yaralılara yardım edirdi. Müharibədən sonra Leyla Məmmədbəyli uzun illər Mərkəzi Göz Xəstəxanasında akademik Zərifə xanım Əliyeva ilə birlikdə çalışıb”.
Kamil Əhmədov müharibədən qayıtdıqdan sonra həyatını musiqiyə, tar ifaçılığına həsr edir: “Əhməd Bakıxanov və Adil Gəray (Məmmədbəyli) kimi tar, Seyid Şuşinski kimi muğam ustası onun müəllimi olur. Uşaq yaşlarımda valideynlərimlə birgə Kamil əmimgildə qonaq olardıq. İlk dəfə məhz bu evdə mən Üzeyir bəy, Əhməd Bakıxanov, Səid Rüstəmov və Xan Şuşinski haqqında söhbətlər eşitmişəm. Xalq artistləri Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Qulu Əsgərov, Əliağa Ağayev, Kamil Əhmədovla ailəvi dost olan Həbib Bayramov və Tükəzban İsmayılova bu evdə tez-tez qonaq olardılar. Çay süfrəsi arxasında onlar mədəniyyətin, musiqinin inkişafı və problemlərindən danışar, hər kəs öz fikrini söyləyərdi. Biz uşaqlar isə səbirsizliklə söhbətin sonunu gözləyərdik, çünki sonda kiçik bir konsertin şahidi olardıq. Görkəmli sənətkarlar xalq mahnılarını, muğamlarımızı ürəkdən və böyük professionallıqla ifa edərdilər. Müğənniləri Kamil Əhmədov və Həbib Bayramov növbə ilə müşayiət edərdi. Çox vaxt anam və Kamil əminin həyat yoldaşı Yaxşı xanım qaval çalardılar. Həyat elə gətirdi ki, sonralar Həbib Bayramovun qardaşı qızı Alla Bayramova muzey işində mənim həmkarım və yaxın rəfiqəm oldu”.
Nailə xanım deyir ki, qohumları üçün Kamil Əhmədov yaradıcılığına verilən qiymət, efir-ekrandan onun haqqında verilişlərin təşkili, söylənilən hər xatirə çox qiymətlidir. O, bu baxımdan xalq artistləri Əlibaba Məmmədova və Ağasəlim Abdullayeva dərin minnətdarlığını bildirir.
Kamil Əhmədovun iki hobbisi olub. O, Azərbaycan milli musiqi alətlərini miniatür formada düzəldib sədəf ilə bəzəyirdi. Bu alətlərin bir çoxu beynəlxalq sərgilərdə nümayiş olunub və mükafatlar alıb. Həmin musiqi alətlərinin bir komplekti hazırda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılır. Bundan başqa, bir çox ifaçıların musiqi alətlərini məhz Kamil Əhmədov sədəflə bəzəmişdi. Məsələn, Həbib Bayramovun tarını, İslam Rzayevin qavalını, Rəhilə Həsənovanın sazını və s.
İkinci hobbisi isə bülbüllər olub. Nailə xanım bildirir ki, bülbüllər üçün ayrıca otaq ayrılmışdı, xüsusi qulluq edilirdi: “Bizə başa salmışdılar ki, quşlara çox yaxın getmək olmaz, çünki qorxudan onların ürəkləri partlaya bilər. Kamil müəllimin tələbələri – istər tarzənlər, istər müğənnilər – səlis, düzgün ifa edəndə bülbüllər cəh-cəh vurub oxuyurdular. Əgər ifalar normal olmasaydı, onda bülbüllər sakit dayanardılar. Biz bu gözəl musiqi sədaları altında böyüyüb boya-başa çatdıq. Mən və bacım Tünzalə Rəşid Behbudov adına 2 saylı Musiqi məktəbini bitirdik. Peşəmizi bu sahədə davam etdirməsək də, musiqiyə, muğamlara olan məhəbbətimiz həmişə bizimlədir”.
Qeyd edək ki, dövrünün məşhur tarzənləri Mirzə Mansur və Əhməd Bakıxanovdan dərs alan Kamil Əhmədov Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində muğamat və xalq musiqisi sinfində müəllim işləyib. Bu sinifdə xanəndələrə dərs deyən görkəmli xanəndə Seyid Şuşinski ilə 20 ildən çox çiyin-çiyinə tarzən-müşayiətçi kimi fəaliyyət göstərib. S.Şuşinski vəfat etdikdən (1965) sonra bu təhsil ocağında ömrünün sonunadək – 1997-ci ilə qədər pedaqoji fəaliyyətini davam etdirib.
Kamil Əhmədov 1940-cı illərdə Gənc Tamaşaçılar Teatrında da çalışaraq tamaşaya qoyulan “Keçinin qisası”, “Hiyləgər tülkü”, “Qoçaq uşaqlar” və başqa səhnə əsərlərinə öz bəstələri ilə musiqi tərtibatı verib.
Hazırda Azərbaycan Radiosunun “qızıl fond”unda Kamil Əhmədovun solo muğam ifalarının lent yazıları qorunur və efirdə səsləndirilir. Həmçinin, “qızıl fond”da qorunan Seyid Şuşinskinin ifasında “Humayun”, “Bayatı-kürd”, “Rahab”, Zülfi Adıgözəlovun “Humayun”, Şövkət Ələkbərovanın “Qatar”, Rübabə Muradovanın “Şahnaz”, İldırım Həsənovun “Çahargah” muğam dəsgahlarının ifası Kamil Əhmədovun müşayiətində lentə alınıb.
Lalə AZƏRİ