Hərdən Allahın sadəqəlbli, sadəlövh bəndələrinə elə gəlir ki, qələm, fırça əhli yalnız gözəl olaylardan, xoş hadisələrdən ilham ala bilərlər. Həmin bu qələm, fırça əhli sayılanların da arasında elələri tapılır ki, onların nəzərincə sənət adamı şəxsi həyatında bədbəxt olmasa, ürəkləri riqqətə gətirən əsər ortaya qoya bilməz. Dünya incəsənəti tarixindən xəbərsiz olanların ağlınca isə, neçə əsr öncənin sənət adamının ictimai təəssübkeşliyi, başqalarının dərdinə şərik olmaq hünəri ola bilməzmiş...

Nə yaxşı ki, hər üç düşüncə sahibləri yanılırlar. Əgər onların fərziyyəsi düz olsaydı, bir zamanlar dünyanı, xüsusən də qoca Avropa qitəsini sarmış, sarsıtmış bəlaların ədəbiyyatda və təsviri sənətdəki təsviri olmazdı...

***

Ömrünü katolik kilsəsinin tarixinə həsr etmiş tarixçi Jan Leon Mari Delümo Orta əsrlərdə Avropanı cənginə almış epidemiyaların insan cəmiyyətinə təsirini həmin dövrə aid kilsə salnamələri ilə yanaşı, bədii ədəbiyyatdan və təsviri sənət nümunələrindən də öyrənmişdi. Bu barədə o özünün “Qərbdəki dəhşətlər” əsərində bəhs edir. Tarixçi yazır ki, taun epidemiyası zamanı qorxu adamları qeyri-adekvat davranmağa vadar edirdi:  onlar ya səbəbsiz şənlənməyə, sərxoşluğa meyil edir, ya da əksinə, çarəsizcəsinə bədbinliyə qapılırdılar. Qəzetimizin ötən sayında dərc olunan yazıda (“Epidemiyalar dünya ədəbiyyatında”) sözügedən mövzuda ədəbi əsərlərə toxunduğumuz üçün bu dəfə daha çox rəssamlıq əsərlərindən söhbət açırıq.

XIV əsrin ortalarına təsadüf etmiş taun epidemiyasını təxminən elə həmin dövrdən başlayaraq “qara ölüm” adlandırmağa başlamışdılar. Latın dilində “atra mors” kimi ifadə edilən bu söz birləşməsi əvvəllər yalnız məcazi məna daşıyırmış və taun ilə heç bir əlaqəsi yoxmuş. Yalnız 1350-ci ildə parisli münəccim Simon Kovinski öz şeirində “Qara ölüm” ifadəsini işlədir. 1556-cı ildə taun yenidən geniş yayılarkən venetsiyalı şair Cakomo Ruffini onu “qara xəstəlik, zülmət bədheybəti” adlandırır. Uzun illər sonra Avropanın bir sıra təbabət tarixçiləri və həkimləri tauna bu adın verilməsini elmi cəhətdən belə izah etdilər ki, tauna tutulmuş insanın dərisinin rəngi qaraldığı üçün  xəstəliyə “qara ölüm” deyirmişlər. Taundan keçinənlərin rəngi sanki alov qarsıbmış kimi  sürətlə qaralırmış.

Jan Delümo yazır ki, məhz “qara ölüm” və ondan sonrakı epidemiyalar Avropa incəsənətinin üzünü “qəddarlığa, iztirablara, sadizmə, sərsəmliyə və cahilliyə” tərəf çevirdi. Taun qorxusu “Ölüm rəqsləri”, “Ölümün təntənəsi”, “Üç ölü və üç diri” süjetlərində öz əksini tapırdı. Şimali Avropa rəngkarlığında geniş yayılmış “Şahmat oynayan ölüm” süjeti də taunun daha bir əks-sədası sayıla bilər.

Digər bir tarixçi və Orta əsrlər incəsənəti üzrə mütəxəssis Millard Miss isə “qara ölüm”ü dini rəngkarlıq sahəsində “mədəni hadisə” kimi qiymətləndirirdi. Maraqlıdır ki, bu tip tabloların əksəriyyətində taun obrazı adamları yaralayan ox kimi təsvir edilir.

İtaliyanın San-Ciminyano şəhərindəki bir freskada (Benotso Qotssoli, 1464-cü il) İsa Məsihin və Məryəm ananın yalvarışlarına məhəl qoymayan Tanrı-atanın zəhərli oxu şəhərə tuşladığı görünür. Martin Şaffnerin diptixində (1510-1514) imdad diləyən günahkar bəndələri oxa tutan mələklər təsvir edilir; İsa Məsih isə müqəddəslərin ricası ilə şəhəri qoruyur və oxlar oradan yan keçir. Romadakı San-Pyetro-in-Vinkoli kilsəsindəki bir freskada isə qanadlı iblis skeleti şəhər sakinlərini oxla nişan alır. Jan Delüm belə bir ümumiləşdirmə də edirdi ki, ikonoqrafiyada xəstəliyin qəfil başlaması və sürətli gedişi də öz əksini tapırdı. Rotterdamdakı Van Stolk Muzeyində saxlanılan holland qravürlərində adamların tabut apararkən ölümcül xəstəliyə tutularaq yıxıldıqları təsvir edilir.

***

“Ölüm rəqsi” o dövr Avropa rəssamlığında alleqorik süjet olaraq məşhurlaşmışdı. Bu janr, əgər ona janr demək mümkünsə, insan mövcudluğunun faniliyini göstərən ikonoqrafiya variantlarından biri sayılırdı. Adətən insan görkəmində təsvir edilən Ölüm cəmiyyətin bütün təbəqələrinin təmsilçilərini – rəqs edən zadəganları, tacirləri, kəndliləri, kişiləri, qadınları, uşaqları məzara doğru aparır.

1370-ci illərdə meydana çıxan bu mövzu-süjetə rəssamlar təxminən XVI əsrin ortalarınadək müraciət etmişdilər. Maraqlı bir məqam da budur ki, ən çox və ən rəngarəng “Ölüm rəqsləri”ni alman rəssamları çəkmişdilər. 

***

Mərkəzi Avropa ölkələrində həm formasına, həm də məzmununa görə bir-birinə bənzəyən bir abidəyə tez-tez rast gəlinir. Bir qayda olaraq, həmin abidə şəhər meydanının ortasında ucalır. Barokko üslubunda düzəldilmiş abidəni çoxsaylı dinamik fiqurlarla yanaşı Müqəddəs Məryəmin heykəli tamamlayır. Bu, Taun sütunudur.

Adətən bu cür dini abidələr ya ölkələri boşaldan epidemiyaların başa çatması, ya da müharibədə qələbə münasibətilə ucaldıldığı üçün bir qayda olaraq, Müqəddəs Məryəmin heykəlini xaçpərəstliyin digər müqəddəsləri – müqəddəs Roxanın (taun zamanı xəstələrə şəfa verərkən mərəzə yoluxmuş), müqəddəs Varvaranın (dünyasını dəyişənlərin səmadakı himayədarı) və s. fiqurları əhatə edir.  

Mərkəzi Avropanın ən məşhur Taun sütunu 1638-ci ildə Münhendə Marienplast meydanında qoyulub. Abidə iki hadisəyə - İsveç yürüşündən və taun bəlasından qurtulmağın xatirəsinə həsr olunub. Praqanın Staromest meydanındakı Taun sütunu Otuzillik müharibənin başa çatması münasibətilə ucaldılmışdı. Abidə 1918-ci ildə Qabsburqlar sülaləsinin devrilməsi haqqında xəbər yayılarkən inqilabçı kütlə tərəfindən dağıdılıb. 

Avstriya paytaxtı Vyananın bəzəyi sayılan Taun sütunu isə “Müqəddəs Üçlüyə” (Ata-Allah, oğul-İsa Məsih və Müqəddəs ruh) həsr olunub. Taun sütunları arasında ən möhtəşəm abidə Çexiyanın Olomoust (Moraviya) şəhərindəki Qorney meydanındakı Müqəddəs Üçlük sütunudur. 35 metrlik sütunun ucaldılmasına 1716-cı ildə (Moraviyada taun epidemiyasının başa çatdığı il) başlanılıb, abidə 1754-cü ildə tamam bitib. Abidə o qədər böyükdür ki, onun təməlində kilsə yerləşir. 2000-ci ildə Olomoust Taun sütunu Orta Avropanın ən görkəmli barokko abidələrindən biri kimi UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Hazırladı: Gülcahan MİRMƏMMƏD