AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları xüsusi karantin rejimində elmi fəaliyyətini davam etdirərək tədqiqat işlərinin nəticələrini elmi jurnallara,  məcmuələrə təqdim edirlər.

Karantin dövründə çapa tövsiyə edilən məqalələrdən biri institutun direktoru, akademik Teymur Kərimli və elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun hazırladıqları “Qurbani” dastanının İstanbul çapı...” başlıqlı məqalədir.

Məqalədə qeyd olunur ki, tədqiqatçılar XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşayıb-yaradan Dirili Aşıq Qurbani ilə bağlı dastanın üç versiya təşkil edən on variantı olduğunu göstərirlər. Şərti olaraq Gəncə, Diri və Zərgan versiyaları nəzərdən keçirilir. Bu yaxınlarda dastanın Berlin Dövlət Kitabxanasından əldə edilmiş çap nüsxəsinin surəti göstərir ki, əsərin Anadoluda yayılıb qələmə alınan versiyası da mövcuddur.

1880-ci ildə İstanbulda çap edilmiş, 40 səhifədən ibarət bu nüsxə bir neçə baxımdan diqqəti cəlb edir. Sovet dövründə Şimali Azərbaycanda toplanan variantlardan fərqli olaraq bu nüsxə daha əvvəl yazıya alınmış və deməli, burada müxtəlif aşıqların əlavələri daha azdır. Nüsxənin mətnindəki süjet xəttində, bəzi əhvalatlarda, əsas qəhrəmanların adında, buraya daxil edilmiş şeir parçalarında müəyyən fərqlər var ki, bunlar da onu ayrıca bir versiya kimi nəzərdən keçirməyə imkan verir. İndiyədək bizə məlum olan versiyalarla müqayisədə bu nüsxənin ətraflı araşdırılması dastanın, ümumiyyətlə, dastançılıq ənənələrimizin tədqiqinə töhfə ola bilər.