“Burada gördüklərim, Qarabağ atları və çövkən oyunu məni belə bir ekran əsərini çəkməyə sövq etdi”

Aprelin 15-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və “bp Azərbaycan”ın dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və “Studio Tor 1 Filmproduktion” (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı “Sarılar - Qarabağ atının izi ilə” sənədli filminin təqdimatı keçirildi.

Təqdimat mərasimindən əvvəl mətbuat konfransı keçirildi. “bp Azərbaycan”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı şirkətin ölkəmizdə reallaşdırdığı layihələrdən və bu istiqamətdə yaxın gələcəkdə görüləcək işlərdən danışdı.
Bildirdi ki, beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş film Azərbaycan milli-mənəvi irs və dəyərlərinin qorunmasına töhfə olmaqla yanaşı, həm də Qarabağ mövzusunun kinoda işlənməsi baxımından çox əhəmiyyətlidir. Filmin əsas süjet xəttini 1956-cı ildə Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə edilən Qarabağ atının izi ilə başlanan axtarış təşkil edir. Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atı nəslinin davamçılarının öz vətəni Azərbaycanda tapılması ilə nəticələnir. Çəkilişləri Britaniya, Almaniya, İsveçrə və Azərbaycanda aparılan filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.
Rejissor Villi Neumann qeyd etdi ki, 2012-ci ildə Azərbaycanı və bölgələrini gəzərkən burada milli çövkən atüstü oyununu izlədikdən sonra bu mövzuda film çəkməyə qərar verib: “Burada gördüklərim məndə böyük maraq doğurdu. Bu atüstü oyun, onun yaratdığı xoş duyğular məni belə bir ekran əsərinin çəkilməsinə sövq etdi. Ölkəmə qayıtdıqdan sonra bu oyunla, eləcə də Qarabağ atları ilə ciddi maraqlanmağa başladım. Nəticədə belə bir film ərsəyə gəldi”.

Rejissor vurğuladı ki, yaxın gələcəkdə filmin alman dilində səsləndirilməsi təmin ediləcək və ekran əsərinin Almaniyada təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirdi ki, film beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edəcək. Bu ekran əsərinin ilk olaraq Bakıda keçiriləcək beynəlxalq turizm filmləri festivalının proqramına daxil edilməsi nəzərdə tutulur.
Sonra kino mərkəzinin əsas zalında filmin təqdimatı oldu.
Öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək bu mövzuda sənədli filmin çəkilməsini yüksək dəyərləndirdi. Vurğuladı ki, Ermənistanın işğalı nəticəsində 1 milyon vətəndaşımızla yanaşı Qarabağ atları da didərgin taleyi yaşamağa məhkum edilib.
Sonra bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell çıxış etdi. O, bildirdi ki, şirkət Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə neft və qaz yataqlarının istismarı ilə yanaşı, həm də sosial və mədəni irslə bağlı çoxsaylı uğurlu layihələr hazırlayıb və həyata keçirib: “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik”.
Film haqqında fikirlərini bölüşən Q.Birrell qeyd etdi ki, ekran əsəri insanların heyvanları öz həyatlarının, ən başlıcası isə, öz mədəniyyətlərinin bir parçası kimi qəbul etmələri haqqında təsirli bir hekayətdir.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün yaradıcı heyətə öz minnətdarlığını bildirərək layihənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, atlar əsrlər boyu Azərbaycan xalqının döyüşkən ruhunun, qəhrəmanlığının ayrılmaz hissəsi və yardımçısı olub. Şifahi və yazılı ədəbiyyatımızda at mövzusuna geniş yer verilib. Azərbaycan xalqının qədim atüstü oyunu olan çövkən incəsənətimizdə də geniş şəkildə öz əksini tapıb.
Nazir həmçinin bu oyun növünün yaşadılması və inkişaf etdirilməsindən də bəhs etdi: “Çövkən oyunu üzrə yarışların keçirilməsi Azərbaycan xalqının tarixi yaddaşının, adət-ənənələrinin yaşadılması deməkdir. Atüstü oyunlar xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir. Bu oyunlar bir müddət unudulsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən gündəmə gəldi. Çövkən qədim atüstü Qarabağ oyun ənənəsi olaraq 2013-cü ildə UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edildi".
Nazir yaxın gələcəkdə bu istiqamətdə layihələrin davamlı olacağına inamını ifadə etdi.
Daha sonra film təqdim edildi. Azərbaycan dilində səsləndirilən film ingilis dilində subtitrlərlə nümayiş olundu.
Filmdə vurğulanır ki, Qarabağ atları dünyada sonuncu təmiz qanlı at cinslərindən biridir. Azərbaycandakı “qızıl at” haqqında hekayələrdən ruhlanan tələbə Pauli Qarabağ atını görmək üçün Avropadan uzun və maraqlı bir səyahətə yola düşür. O, yolda macəra axtaranlar, rəssamlar, alimlər və atçı mütəxəssislərlə tanış olur...
Film böyük maraqla qarşılandı.

Fariz