F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Evdə qal, intellektdən qalma” adlı ailəvi onlayn müsabiqə elan edib.

“Birlikdə düşünək, birlikdə tapaq” devizli viktorinada verilən sualları valideynlər övladları ilə birgə cavablandırmalıdır. Suallar kitabxananın clb.az saytında yerləşdiriləcək. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılara 50 sual veriləcək və 1 saat ərzində suallara düzgün cavab verən ailə qalib elan ediləcək.

***

Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə məktəblilərlə tanınmış yazarların onlayn ünsiyyəti də davam edir.

Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbin 3-cü sinif şagirdləri ilə onlayn görüşdə uşaq yazıçısı, şair, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil iştirak edib.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova şagirdlərə Zahid Xəlilin yaradıcılığı haqqında məlumat verib. Yazar uşaqların xahişi ilə sevilən şeirlərini oxuyub, onları maraqlandıran sualları cavablandırıb.

95 nömrəli məktəbin şagirdləri ilə növbəti onlayn ünsiyyətin qonağı isə Xalq şairi Sabir Rüstəmxanlı olub. O, məktəblilərin suallarını cavablandırıb, müxtəlif illərdə yazdığı şeirlərini oxuyub, şagirdlərə Azərbaycan ədəbiyyatı nümunələrini daha çox mütaliə etməyi tövsiyə edib.

Görüş zamanı direktor Ş.Qəmbərova uşaqlara kitabxananın elektron resursları haqqında da məlumat verib.