Böyük yaradıcılıq uğurlarına baxmayaraq, şəxsi həyatında uğursuzluqlar və faciələr ömrünün sonlarında onu həyata küsdürüb. Söhbət “Üç üstəgəl iki” və “İvan Vasilyeviç peşəsini dəyişir” filmlərində məşhur rolların gözəl ifaçısı, Rusiyanın Əməkdar artisti Natalya Kustinskayadan gedir.
O, 1938-ci il aprelin 5-də Moskvada doğulub. Atası və anası estrada artistləri olub, valideynləri onu həmişə özləri ilə konsertlərinə aparıblar. Yaradıcı atmosferdə böyüyən Natalya musiqi məktəbinin fortepiano sinfində oxuyub. Lakin kino aləmi onu daha çox cəlb edib. Məktəbi bitirən kimi sənədlərini Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə verir və həm gözəlliyi, həm də istedadı sayəsində qəbul olur.
Birinci kursda oxuyanda rejissor Qriqori Roşalın “Tutqun səhər” filmində Marusya roluna çəkilir. Bundan sonra bir çox rejissorlar tərəfindən ona təkliflər gəlməyə başlayır. Ona evlilik təklifi edənlər də az deyildi. Məşhur “Qızlar” filminin rejissoru Yuri Çulyukin Natalyanı görən kimi ilk baxışdan ona vurulur və ertəsi gün ona evlənmək təklifi edir. Onlar 1957-ci ildə ailə həyatı qururlar. Tanınmış rejissorla evlilik onun həyatında kino dünyasına açılacaq yol kimi görünür. Lakin heç də hər şey göründüyü kimi olmur.
1960-cı ildə aktrisa “Güclü qasırğa” filmində Katya Belyayeva, 1962-ci ildə isə “Toydan sonra” filmində Tonya Malyutina rollarına çəkilir. 1963-cü ildə isə “Üç üstəgəl iki” filmində əsas rollardan birini (kinoaktrisa) oynayır. Bu film onu məşhurlaşdırır. Hətta Natalyanın şəklini görən fransızlar onu “Sovet kinosunun Bricit Bardosu” adlandırırlar. Natalya isə belə gözəlliyi ilə həyat yoldaşı Y.Çulyukinin cəmi bir filmində rol alır. Bu, 1966-cı ildə “Kral reqatası” filmində stüardessa Alyona rolu olur. Y.Çulyukin qısqanc olduğundan Natalyanı öz filmlərinə çəkmir və aktrisaya təklif olunan rolların bir çoxuna çəkilməsinə də icazə vermir. Nəticədə cütlük 1966-cı ildə ayrılır.
1968-ci ildə aktrisa SSRİ Xarici Ticarət Nazirliyinin əməkdaşı Oleq Volkovla ailə həyatı qurur. 1970-ci ildə bir oğulları dünyaya gəlir. Lakin bu nikah da cəmi iki il sürür. 1970-ci ildə Natalya Sovet İttifaqı Qəhrəmanı, polkovnik Boris Yeqorovla ailə həyatı qurur. Onların evliliyi 19 il davam edir. Bundan sonra aktrisa daha üç dəfə ailə həyatı qurur, amma heç birində arzuladığı xoşbəxtliyi tapmır. Necə deyərlər, gözəllik heç də həmişə xoşbəxtlik gətirmir.
1973-cü ildə aktrisa Leonid Qaydayın “İvan Vasilyeviç peşəsini dəyişir” filmində Sarışın qız roluna çəkilir. Epizodik rol olsa da, effektli oyunu ilə yadda qalır.
Aktrisanın oğlu Dmitri 13 yaşında “Müqəvva” filmində (1983) Dima Somov roluna çəkilsə də, aktyorluq peşəsini seçmir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alır. Evlənir, dünyaya gələn övladı erkən vəfat edir. 2002-ci ildə isə özü də ürək çatışmazlığından dünyasını dəyişir.
Şəxsi həyatında uğursuzluqlar zolağından çıxa bilməyən Natalya Kustinskayaya həm nəvəsinin, həm də oğlunun ölümü çox pis təsir edir və o, xəstələnir. Bu ağır günlərində məşhur aktrisa Natalya Varley və məşhur müğənni Kristina Orbakayte ona dəstək olurlar. O, ömrünün son illərində tək yaşayır, heç bir filmə çəkilmir, təqaüdlə dolanır. 2012-ci il dekabrın 10-da insult keçirir və üç gün sonra dünyasını dəyişir.
Səbinə Əlibalaqızı