Dünyada bu sahədə ixtisaslaşmış ilk muzey olan Azərbaycan Milli Xalça Muzeyi xalqımızın mədəni irsinin nadir nümunələri sayılan xalça və dekorativ-tətbiqi sənət incilərinin qorunub saxlanıldığı, tədqiq və təbliğ edildiyi ecazkar məkandır. Son illər ərzində muzeyin əldə etdiyi ən maraqlı nümunələrdən biri isə 2012-ci ildə italiyalı kolleksiyaçı Alberto Boralevidən alınan “Zeyxur” xalçasıdır.
İCOC-un (İnternational Conference on Oriental Carpets – Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) Akademik Komitəsinin sədri, memar Alberto Boralevi XX əsrin əvvəlindən Venesiya və Florensiyada qədim xalçaçılıq və toxuculuq biznesi ilə məşğul olan art-dilerlər ailəsinə mənsubdur. O, Arno çayının sol sahili Florensiyanın ürəyində antikvar tacirlərinin məhəlləsində – məşhur Freskobaldi sarayının (Palazzo Frescobaldi) birinci mərtəbəsində tekstil və xalça nümunələri sərgiləyir.
Qeyd edək ki, XIX əsrə aid “Zeyxur” xalçası çox maraqlı süjetə malikdir. Bu nadir nümunə kompozisiya quruluşuna görə Quba xalça qrupuna aid edilir. Quba xalça qrupu Azərbaycanın şimal-şərqində yerləşən xalçaçılıq mərkəzlərindən biridir. Bu qrupun Zeyxur xalça məntəqəsi öz klassik xalçaları ilə şöhrət qazanıb.
“Zeyxur” xalçasının orijinal kompozisiya quruluşu ara sahədə dini süjet və “Alpan” xalçalarına xas haşiyə zolağından ibarətdir. Ara sahənin ornamenti isə “Zeyxur” xalça kompozisiyasına yaxındır. Xalçanın bütün sahəsi boyu səpələnmiş və bu süjeti əhatə edən çarpazlaşan, həndəsiləşmiş “Qollu çiçi” xalçalarına xas olan qol formalı elementlər, üslublaşdırılmış quş təsvirləri xalçaya özünəməxsusluq verir. Bu element “Xətai” kompozisiyasının əsasını təşkil edən “qol” (böyük budaqlar) təsviri ilə bağlıdır. Tədqiqatçılar hesab edirlər ki, məhz “Xətai” bu bədii kompozisiyanın əcdadıdır.
Xalçanın ara sahəsində tamaşaçının diqqətini cəlb edən, Tövratdan götürülmüş dini süjet təsvir olunub. Dini süjet İbrahim peyğəmbərə, onun oğlu İshaq və gəlini Rəfəqəyə həsr olunub. İbrahim peyğəmbər qocaldıqda onun xanədanının başçılığını öhdəsinə götürmüş təsərrüfat müdiri (bəzi mənbələrdə nökəri) Eliezerə (Luazer, Əlyəzər) sifariş edir ki, oğlu İshaqı Fələstində yaşayan Hərran əhlindən, öz qohum-qardaşlarından bir qızla evləndirsin. Təsvir olunan süjetdə də Eliezer ilə Rəfəqənin ilk görüşü əksini tapıb. Rəfəqə gözəl olmaqla yanaşı, qoçaq və qonaqpərvər qız idi. O, adətən çiynində səhəng axşamlar bulaq başına yollanırdı. Bir axşam səhəngini doldurandan sonra önünə çıxan yaşlı kişi ona deyir: “Qızım, ver səhəngindən bir qurtum su içim”. Rəfəqə bu kişinin uzaq yoldan gəldiyini duyub, çiynindəki səhəngi cəld endirərək kişiyə doyunca sərin su verir. Gənc qız həmçinin kişinin dəvələrini sulamaq üçün suvatlarının boş olduğunu görür və quyudan dəfələrlə səhəngini dolduraraq suvata su yığır. Bu müddət ərzində kişi diqqətlə, heyrət və sevinc dolu baxışlarla onu izləyir. Axı o, quyunun yanında olarkən Allaha dua edərək ona bir işarə göndərməyi təvəqqe etmişdi. Sonra kişi ona hədiyyələr, bahalı daş-qaşlar ərməğan edir və onun ailəsi ilə maraqlanır, atasının evində gecələmək üçün yer olub-olmadığını soruşur. Rəfəqə ailəsi barədə danışanda yaşlı kişinin sevinci birə-beş artır. Çünki bu qız İbrahimin qardaşı Nahorun nəvəsi, qardaşı oğlu Vafuil və ya Betuilin qızı idi. Hadisə onların adət-ənənəyə uyğun şəkildə nikah əhdi bağlanması, Rəfəqənin İshaqa nişanlanması və Eliezerin ertəsi gün vaxt itirmədən Rəfəqə ilə Kənan diyarına getməsi ilə başa çatır. Xalçada Rəfəqənin atası Bətuilin, həmçinin qardaşı Labanın da təsvirləri var.
Bu süjet Nikola Pussen, Bartolome Esteban Murilyo və digər Qərbi Avropa rəssamlarının əsərlərində də öz əksini tapıb.
Xalçanın rəng həlli də gözoxşayandır. Sürməyi, sumağı, qəhvəyi rəng çalarları harmonik şəkildə birləşərək onun koloritini mükəmməlləşdirir.
Qeyd edək ki, muzeyimizin hər bir eksponatı milli ruhumuzu əks etdirən qiymətsiz sənət nümunələridir. Azərbaycan Milli Xalça Muzeyi bu cür sənət nümunələrinin əldə edilməsi, onların elmi tədqiqatı və təbliği sahəsində fəaliyyətini yüksək səviyyədə davam etdirir.
Aytən ƏHMƏDOVA
Milli Xalça Muzeyinin Elmi tədqiqat və milli irsin qorunması şöbəsinin müdiri