Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış isveçrəli müğənni Sofie de Quay konsert proqramı ilə çıxış edib. Sentyabrın 18-də keçirilən musiqi axşamı İsveçrənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Konsertdən öncə İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Tomas Ştəli çıxış edərək gənc ifaçının multikultural dəyərlərə açıq olduğunu, onun Azərbaycandan olan ifaçılarla əlaqələr quracağına və birgə layihələr təqdim ediləcəyini diqqətə çatdırıb. Bildirib ki, Sofi İsveçrə ilə Azərbaycan arasında “Körpülərin qurulması” dünya turu çərçivəsində Bakıda çıxış edir. Bildirilib ki, Sofi və onun multiinstrumental tanınan həmkarı Simon Jaccard mədəniyyətlər, nəsillər, düşüncə tərzləri arasında körpü yaratmaq üçün öz musiqiləri ilə insanlara sevinc bəxş edirlər. Onlar artıq İsveçrə, Belçika, ABŞ, Çin, Hindistan, Sinqapur, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük Britaniyada çıxış ediblər.

Daha sonra səhnə gənc ifaçının ixtiyarına verilib. Anşlaqla keçən konsertdə şən melodiyalar, tamaşaçılarla dialoq, birgə ifalar  musiqisevərlərin ruhunu oxşayıb. İfaçı Bakı konsertini çox yüksək dəyərləndirərək tamaşaçılara minnətdarlığını bildirib. O, yaxın günlərdə gənc azərbaycanlı ifaçı Qorqudla birgə layihələrini təqdim edəcəyini də diqqətə çatdırıb.

Lalə