Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ictimaiyyətə müraciət edib.
Müraciətdə diqqətə çatdırılır ki, əlamətdar gün Dünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə elan edilib və ilk dəfə bütün dünyanı cənginə alan pandemiya ilə sosial izolyasiya şəraitində qeyd edilir. “Məhz bu günlərdə yaradıcılıq və yenilikçilik kimi təbii insan resurslarının ətraf dünyamızı yaxşılaşdırmasının necə mümkün olduğunu xüsusilə vurğulayırıq”, – deyə müraciətdə bildirilir.
Qeyd olunur ki, məhz belə bir mürəkkəb vəziyyətdə Dünya Əqli Mülkiyyət Təşkilatı əsas diqqəti “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı roluna cəmləşdirməyi tövsiyə edir. Biz kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq “yaşıl” bir gələcək yarada bilərik. Müasir dünyada “yaşıl innovasiya”, “yaşıl texnologiya”, “yaşıl enerji” kimi anlayışlar artıq aktual mövzulara çevrilib. Yeni onilliyə qədəm qoyarkən, biz dünyada baş verən iqlim dəyişikliklərinin: qasırğalar, daşqınlar, quraqlıqlar və təbiət yanğınların təsirini çox aydın hiss edirik və bütün bunlar, mütəxəssislərin fikrinə görə, əsasən iqlim dəyişikliklərinin törətdiyi nəticələrdir: “Qrenlandiyada buz örtüyünün 1990-cı ildəkindən 7 dəfə daha sürətli əridiyi bir vaxtda su qıtlığı ilə bağlı problemlər dünya əhalisinin dörddəbirini təhdid edir, son on ildə planetimiz 5 ən isti illərini yaşayıb. İqlim böhranının aradan qaldırılması “yaşıl” gələcəyin qurulması ilə əlaqəlidir. Bu “yaşıl” gələcəyi quranlar kimlərdir? Onlar – bütün dünyada olan ixtiraçılar və müəlliflər, mədən yanacağı və qida və təbii resursların daha səmərəli idarəetmə sisteminə əsaslanan ənənəvi texnologiyalar üçün daha “təmiz” alternativlər yaratmaq üzərində çalışan insanlardır”.
Müraciətdə bildirilir ki, Azərbaycanda ixtiraçılara 2010-cu ildən bəri “yaşıl” texnologiyalar əsasında verilən patentlər ümumi patentlərin təxminən 3 faizini təşkil edir. Bunlar əsasən alternativ enerji mənbələrinin işlənməsi ilə əlaqəli olan patentlərdir: “Hesab edirik ki, 15 il ərzində ölkənin güclü iqtisadi inkişafına, iqtisadi artımda qeyri-neft sektorunun prioritetliyinə söykənərək yaxın illərdə “yaşıl” iqtisadiyyat diqqət mərkəzində olmalı, “yaşıl” və “iqtisadi artım” anlayışları vahid cəbhədə Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına keçməsinə kömək etməlidirlər. Bu, BMT-nin İqtisadi Əməkdaşlıq Təşkilatının “Yaşıl artım” Bəyannaməsində qeyd olunduğu kimi, davamlı iqtisadi artımın və ətraf mühitin sağlamlaşdırılmasının qırılmazlığına kömək edəcəkdir”.
Qeyd olunur ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabat”a görə, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutub. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır. 2015-2016-cı illərdən başlayaraq bu göstərici ardıcıl olaraq yaxşılaşır və ölkəmiz beş il əvvəlki 92-ci yerdən 30-cu yerə yüksəlib. 2019-cu ildə Azərbaycanda ixtira üzrə 102 ixtira patenti verilib ki, bu da 2018-ci ilə nisbətən 32 patent çoxdur.
Bununla yanaşı, vurğulanır ki, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr həm də ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir. Qlobal İnnovasiya İndeksinə əsasən, 2019-cu ildə Azərbaycan 129 ölkə arasında 84-cü yeri tutub. Bu isə dövlət başçısının apardığı iqtisadi islahatların miqyasına heç cür uyğun gəlmir. Ölkəmizin “innovasiya imkanları” 77-ci yerdə olduğu halda, “innovasiya nəticələrimiz” 90-cı yerdədir. Beləliklə, ümumi imkanlarımız 13 pillə ümumi nəticələrimizi üstələyir. Deməli, ehtiyatlarımızı səmərəli işlətməliyik.