Dünyanın bir çox ölkəsində pandemiyanın davam etdiyi vaxtda ayrı-ayrı ölkələr tədricən karantin rejimindən çıxmağa başlayırlar.
Avropada koronavirus infeksiyasından nisbətən az zərər görən ölkələrdən biri Avstriyadır. Ölkənin karantin davam edən Tirol federal əyalətinin bölgələri məhdudiyyət rejimindən aprelin 24-də çıxıb. Bu barədə federal əyalətin qubernatoru Qünter Platter keçirdiyi videokonfransda bildirib. Onun sözlərinə görə, son 12 gün ərzində cəmi 10 yeni yoluxma halı qeydə alınıb. Bu müsbət göstərici də müvafiq qurumlara ölkədə sonuncu karantin tətbiq olunan bu ərazilərdə həmin rejimin ləğv edilməsi zərurətini yaradıb. Qeyd edək ki, Avstriyanın koronavirus infeksiyasının ən çox yayıldığı bu ərazilərində karantin rejimi martın 13-də elan edilmişdi.
Ölkə karantindən çıxsa da, iqtisadi geriləmə qaçılmazdır. Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun (WIFO) araşdırmalarına görə, bu il ölkə iqtisadiyyatı ən azı 5-7 faiz azala bilər.
Avstriyanın cənub qonşusu İtaliyada isə vəziyyət ümumən gərgin olaraq qalır. Bu gedişatla ölkədə orta məktəblər sentyabrda açıla bilər. Baş Nazir Cüzeppe Konte deyib ki, bu qərar uşaqların sağlamlığının qorunması üçün qəbul edilib. Bununla belə, İtaliyada mayın 4-dən istehsal və inşaat sahələrinin bərpa edilməsi planlaşdırılıb. Bütün şirkətlərin əməkdaşları maska və əlcək taxmalı, qaydalara ciddi əməl etməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Almaniya, Çexiya kimi ölkələr də ayrı-ayrı sahələrdə, o cümlədən iaşə və ticarət sektorunda karantin rejimini qismən aradan qaldırıb.
Vaxtında görülən tədbirlər nəticəsində, Çinlə qonşu olmasına baxmayaraq, pandemiyadan daha az itki ilə çıxmağı bacaran Cənubi Koreya bu vəziyyətdə xüsusilə zərər çəkmiş turizm sənayesini ayağa qaldırmaq barədə düşünür. Mart ayında ölkəyə xaricdən gələn turist sayı 95 faiz azalıb.
Çinin digər qonşusu – Qazaxıstanda isə pandemiya ilə bağlı fövqəladə vəziyyət rejimi mayın 11-dək uzadılıb. Bununla yanaşı, mayın 1-dən paytaxt Nur-Sultan və Almatı arasında aviareyslər bərpa olunacaq. Bu barədə Prezident Kasım-Jomart Tokayev əhaliyə müraciətində deyib.
Xatırladaq ki, Qazaxıstanda pandemiya səbəbindən daxili və xarici sərnişindaşımalara məhdudiyyət (müəyyən istisnalarla) qoyulub.
CAVİD