Mayın 11-də Fransanın Kann şəhərində ənənəvi beynəlxalq film festivalının açılışı olub. Dünyanın ən seçkin kinofestivalı və sənət yarışması sayılan Kann film festivalı bu il 69-cu dəfə keçirilir.
Artıq altıncı ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda Azərbaycan kinosu pavilyonu təşkil olunur. Bu il dünyanın ən nüfuzlu kino tədbirində nazirliyin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov iştirak edir.
“Azərbaycanfilm” kinostudiyası bu il Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim edib. Filmlərimiz dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribütor şirkətlərinin diqqətinə çatdırılıb.
Eyni zamanda istehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” bədii filmləri kino bazarının xüsusi bölməsinin iştirakçılarıdır.
Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.
69-cu Kann Beynəlxalq Film Festivalı mayın 22-də başa çatacaq.