Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan olunan sosial təcrid rejiminin arxada qalan təxminən ayyarımı ərzində elmi tədqiqat müəssisələri də fəaliyyətlərini şəraitə uyğun qurublar. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aprelin 28-də keçirilən onlayn iclasında da bu barədə söhbət açılıb.

İclasda institutun direktoru,  akademik İsa Həbibbəyli ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə ətraflı çıxış edib. Bildirib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizin bu çətin sınaqdan uğurla çıxmasını təmin edəcək. Bu çətin günlərdə həkimlərimiz böyük fədakarlıqlar göstərirlər. Qeyd edilib ki, pandemiya dövrünün qəhrəmanlarının ədəbiyyatda obrazları yaradılmalıdır.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi davam edir. Ötən müddətdə 70-ə yaxın hekayə təqdim olunduğu müsabiqə mayın 29-dək davam edəcək.

İclasda Ədəbiyyat İnstitutunun şöbələrinin fəaliyyəti, əməkdaşların onlayn elmi  forumlara qatılması barədə danışılıb. İ.Həbibbəyli bu günlərdə Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyinin videokonfransında, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfransda çıxış etməsi barədə də söz açıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Ədəbi proses – 2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov və şair Məhəmməd Hadinin yubileyləri ilə bağlı kitab və məqalələr toplusu üzərində işin gedişi barədə məlumat verib.

Onlayn iclasda həmçinin “Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyasının hazırlanması, Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən kitabın üzərində aparılan işlər barədə danışılıb,  “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışının, “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyasının nəşrə hazırlandığı bildirilib. Eləcə də görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılışı üçün hazırlıq prosesi, “Molla Nəsrəddin” ensiklopediyasının son redaktə işləri, “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması və s. elmi tədqiqat işləri, Dissertasiya şurasının fəaliyyəti haqqında məlumat verilib.

***

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları da sosial təcrid dövründə yaradıcılıqlarını evdə qalaraq davam etdirirlər.

Beynəlxalq əlaqələr şöbəsi institutda saxlanılan əlyazmalar əsasında videoslayd hazırlayıb. İnstitutdan bildirilib ki, videosərgi Azərbaycan şairələri Ağabəyim ağa, Məhsəti Gəncəvi, Xurşudbanu Natəvan, Fatma Kəminə, Xanbikə, Mirvarid Dilbazi, Hökumə Billuri, Mədinə Gülgün, yazıçı Əzizə Cəfərzadənin əlyazmaları haqqındadır.

***

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun alimləri də onlayn konfrans və seminarlarda iştirak edirlər. İnstitutun şöbə müdiri İradə Bağırova “Bilik və ideoloji cəbhələr. İkinci Dünya müharibəsindən sonra Avropa və Qara dəniz regionu” mövzusunda beynəlxalq onlayn konfransa qatılıb. O, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda “Azərbaycanda elm zamanın yol ayrıcında (1989-1991)” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn konfranslarda Tarix İnstitutunun alimləri Nigar Maksvell, İlqar Niftəliyev və Nərgiz Axundova da iştirak ediblər.

***

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov S.Amanjolov adına Şərqi Qazaxıstan Dövlət Universitetinin təşəbbüsü ilə keçirilən videokonfransa qatılıb. O, “2017-2019-cu illərdə Azərbaycan-Qazaxıstan birgə arxeoloji tədqiqatları” mövzusunda məruzə edib.

2017-ci ildən başlayaraq Zaur Həsənov Qazaxıstan Altayında Berel və Tarbaqatayda Eleke-Sazı abidələrində İskit-Saka dövrünə aid kurqan abidələrində professor Zaynolla Samaşevin rəhbərliyi altında aparılan arxeoloji qazıntılarda iştirak edib. 2019-cu ildə Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası yaradılıb. Arxeoloji tədqiqatlar Şəkinin Antik dövrə aid Təpəbaşı abidəsində aparılıb. Həmçinin Şəkinin Kiş kəndində Antik dövrə aid Doxun abidəsi arxeoloji kəşfiyyat işlərinə cəlb edilib. Burada 2020-ci ildə birgə tədqiqatların davam etdiriləcəyi planlaşdırılıb.

***

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi çərçivəsində görkəmli ədibin bir sıra əsərləri haqqında məqalələr yaradılıb. Məqalələrdə Ə.Haqverdiyevin “Millət dostları”, “Baba yurdunda”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Xortdanın cəhənnəm məktubları”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərlərinin məzmunu və oradakı obrazlar haqqında məlumat verilib.