Azərbaycan

2 may 1913 – Əməkdar artist Məmməd Əhməd oğlu Sadıqov (1913 – 28.5.1987) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

2 may 1916 – Əməkdar artist Mənsurə Vahab qızı Cəfərova (1916 – 20.3.1997) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

2 may 1920 – Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1920 – 6.4.1995) Aşqabadda anadan olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Çəkildiyi filmlər: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə” və s.

2 may 1927 – Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927-2003) Qəbələ şəhərində anadan olub.

2 may 1929 – Dilçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.

2 may 1939 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 – 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.

 

3 may 1857 – Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrın əsasını qoyan “Lənkəran xanının vəziri” tamaşasında baş rolu (Teymur ağa) oynayıb. “Qara yel” romanının müəllifidir.

3 may 1938 – Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. “Atayevlər ailəsi”, “Alov” teletamaşalarında, “Dağlarda döyüş”, “Nəsimi” və s. filmlərdə yaddaqalan rollar oynayıb.

 

4 may 1920 – Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarı olduğu üçün öldürülüb.

4 may 1931 – Əməkdar incəsənət xadimi, rəssam Ağarəhim Cəbrayıl oğlu Əliyev (1931 – 24.11.2009) anadan olub. Sənədli və bədii filmlərin quruluşçu rəssamı olub, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

5 may 1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində anadan olub. 1901-ci ildə Bakıda H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan Müsəlman qızlar məktəbinin direktoru olub.

5 may 1866 – Yazıçı-dramaturq Eynəli bəy Çölü bəy oğlu Sultanov (1866-1935) Naxçıvanda doğulub. Naxçıvanda  “Müsəlman incəsənəti və dram cəmiyyəti”nin yaradıcılarından olub. 1883-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını (“Müsyö Jordan və dərviş Məstəli şah”) səhnəyə qoyub.

5 may 1892 – İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə; 1892 – 13.10.1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. V.Şekspirin “Otello”, “Romeo və Cülyetta” pyeslərini dilimizə çevirib. Repressiya qurbanıdır.

5 may 1894 – Əməkdar artist Əhməd Anatollu (Əhməd Muxtar oğlu Səfərov; 1894 – 7.4.1973) Bakıda doğulub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarının aktyoru olub.

5 may 1899 – Əməkdar incəsənət xadimi, rəssam, qrafik Əmir Səhliəli oğlu Hacıyev (1899-1972) Şuşada anadan olub. Azərbaycan  yazıçılarının bir çox əsərlərinə illüstrasiyalar çəkib.

5 may 1905 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 1905 – 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

5 may 1908 – İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistenti olub.

5 may 1909 – Yazıçı Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov; 1909-1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub.

5 may 1910 – SSRİ Xalq artisti, rejissor, aktyor Adil Rza oğlu İsgəndərov (1910 – 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

5 may 1918 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən” və s. kitabların müəllifidir.

5 may 1920 – Şərqşünas, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Şamil Allahverdi oğlu Cəmşidov (1920 – 8.12.2008) Ağcabədi rayonunda anadan olub.

5 may 1922 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 – 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü” və s. filmlərdə çəkilib.

5 may 1930 – Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 – 5.7.2002) Ağcabədi rayonunda doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

5 may 1930 – Tanınmış xanəndə Nəriman Mövsüm oğlu Əliyev (1930 – 28.4.1998) Bakıda doğulub. Bir çox məşhur muğam ifaçılarının ustad-müəllimi olub.

 

Dünya

 

2 may 1772 – Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.

2 may 1903 – Özbək kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.

2 may 1911 – Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.

 

3 may 1469 – İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (Niccolò Machiavelli; 1469-1527) Florensiyada doğulub. Siyasət və əxlaq mövzusunda “Hökmdar” əsərini, “Florensiya tarixi”ni yazıb.

3 may 1910 – Rus şairəsi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.

 

4 may 1929 – İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston; 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), “Hərb və sülh” (Nataşa Rostova) və s.

 

5 may 1846 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: “Quo Vadis” (“Hara gedirsən”), “Girdab”, “Polonetskilər ailəsi” və s.

Hazırladı:  Vüqar ORXAN