İyunun 14-də Dövlət Film Fondunda görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşan tədbiri Əməkdar incəsənət xadimi Ayaz Salayev açaraq rejissorun Azərbaycan kinosunda xidmətlərindən danışdı.
Bildirdi ki, Həbib İsmayılovun 1958-ci ildə lentə aldığı “Ögey ana” filmi ilə Stalin rejimindən sonra Azərbaycan kinosunda yeni bir mərhələnin təməli qoyuldu. Bu təməl ideoloji xüsusiyyətlərdən uzaq olan melodram janrı idi. “Ögey ana” filmi ailə mövzusunun ideologiyadan üstün olduğu mesajını ötürürdü.
Xatirə gecəsində çıxış edən Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə rejissorun həyat və yaradıcılığı, filmlərinin səciyyəvi xüsusiyyətləri haqqında söz açdı, xatirələrini bölüşdü. Bildirdi ki, rejissorun sənət yolu kino mütəxəssisləri tərəfindən araşdırılmalı, gələcək nəsillərə ötürülməlidir.
Sonra rejissorun lentə aldığı “Böyük dayaq”, “Ögey ana” bədii filmlərindən, sənədli ekran əsərlərindən fraqmentlər göstərildi.
Həbib Ələkbər oğlu İsmayılov 1906-cı il fevralın 21-də Naxçıvanda dünyaya gəlib. Orta təhsilini Tiflisdə alıb. Ailəsi Bakıya köçdükdən sonra fəhlə məktəbində oxuyub, dram dərnəyində məşğul olub. 1927-ci ildə Xalq Maarif Komissarlığının göndərişi ilə Moskvaya Mərkəzi Teatr Sənəti Texnikumuna oxumağa gedir. Orada məşhur rejissor və pedaqoq Stanislavski ilə tanış olur, ondan öyrəndiklərini hər gün özü üçün qeyd edir.
Rejissor Bakıya qayıtdıqdan sonra bir müddət Türk İşçi Teatrında bədii rəhbər işləyir, 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilir. 1943-cü ildən “Bakı” kinostudiyasında kinoxronika şöbəsinin rəisi kimi fəaliyyətə başlayan rejissor çoxlu sayda sənədli filmlər lentə alır. Həbib İsmayılov 1958-ci ildə kinoda ilk böyük işi olan “Ögey ana” bədii filmini ekranlaşdırır. 1962-ci ildə isə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında “Böyük dayaq” filmini çəkir.
Görkəmli rejissor 1966-cı il dekabrın 31-də dünyasını dəyişib.

Lalə