Paytaxtımızda Yesenin ünvanlı muzey
Yəqin oxucularımızın yadındadır, pandemiyadan öncə paytaxtımızda yerləşən muzeylər haqqında mütəmadi olaraq yazılar dərc edirdik. Sonra xüsusi karantin rejiminin tətbiqi ilə bağlı muzeylər də ziyarətçi qəbulunu dayandırdı, biz də bu yazılara ara verdik. Artıq karantin rejimində qismən yumşalma ilə bağlı muzeylər fəaliyyətini bərpa edir. Bu yazı da hələ karantindən öncə hazırlanmışdı. Amma, necə deyərlər, obyektiv səbəblərdən dərc olunması yubandı...
Beləliklə, paytaxtdakı muzeylər silsiləsindən növbəti ekskursiya ünvanımız məşhur rus şairi Sergey Yeseninin (1895-1925) Bakı xatirəsini yaşadan ev-muzeyidir.
***
Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan vilayətində doğulub. Ryazanın kənd mühiti onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Sonradan rus şeirinin nəhənglərindən sayılacaq Yesenin qələmini ilk olaraq kənd lirikasına toxundurub. Gündəliklərində, məktublarında da o yerlərin, təbiətin onda nə qədər dərin təsir buraxacağını dəfələrlə qeyd edib.
Adı dövrünün ən böyük şairləri – Blok, Mayakovski və başqaları ilə bir sırada çəkilən Yesenin çox qısa ömür yaşasa da, zəngin yaradıcılığını əks etdirən çoxlu kitabları nəşr olunub. Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü də onun yaradıcılığının ən məhsuldar mərhələsi hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının “qızıl dövrü” adlandırır və onu Puşkin yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər.
Təkcə onu qeyd etmək kifayətdir ki, 1924-1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə yerli mətbuatda onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək “İran nəğmələri” silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılıb. Yesenin Bakıya ilk dəfə hələ 1920-ci ilin avqustunda gəlmişdi. Amma onun Bakı dövrü yaradıcılığı 1924-cü ilin payızı (sentyabr-oktyabr) və 1925-ci ilin yazı (mart-may) ilə bağlıdır.
Ümumilikdə, 1924-1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 şeir və 3 poema) dərc edilib. Onlardan 50-si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görüb. Bu əsərlərin 45-i (43 şeir və 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunub. Ümumiyyətlə, “Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mətbu nəşrdir. Onun şəhərimizə olan məhəbbətini görmək üçün bu misralara diqqət etmək bəs edir:
Mən sizin şimali dostunuz, qardaşınızam!
Şairlər eynidir təbiətiylə
Mən də düşüncədə, əməldə, sözdə, asiyalıyam.
Yeseninin paytaxtımız haqqında ən məşhur şeiri “Əlvida, Bakı!” adlanır. Qeyd edək ki, bu şeir Azərbaycan dilinə yeddi ayrı müəllif tərəfindən (Ələkbər Ziyatay, Rəfiq Zəka, Əhməd Cəmil, Əliağa Kürçaylı, Knyaz Aslan, Firuz Mustafa, İsaxan İsaxanlı) fərqli variantlarda tərcümə olunub.
Əlvida, Bakı! Mavi türk səması, əlvida!
Qüvvədən düşürəm mən, damarımda donur qan.
Mən bir səadət kimi apararam məzaracan
Balaxanı mayını, Xəzər dalğasını da.
Əliağa Kürçaylının tərcüməsindən (1975).
Yeseninin Azərbaycanla bağlılığı dövlət səviyyəsində də öz layiqli qiymətini alıb. Belə ki, Bakının Mərdəkan qəsəbəsində yaşadığı evdə onun xatirə muzeyi yaradılıb. Muzeyin yerləşdiyi yer 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub. Muzey 1975-ci il oktyabrın 3-də Yeseninin anadan olmasının 80 illiyi münasibətilə fəaliyyətə başlayıb.
***
Mərdəkan Dendrarisi (AMEA-nın Dendrologiya İnstitutu) Yeseninin adını daşıyan küçədə yerləşir. Burada qollu-budaqlı ağaclar arasında çox da böyük olmayan bir ev var. Bu evdə 1924-1925-ci illərdə böyük rus şairi S.A.Yesenin yaşayıb-yaradıb. Biz də muzeylə yaxından tanış olmaq üçün bu mədəniyyət ocağına üz tutduq.
Direktor Nəzakət İbadova muzeyin yaranması və fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, 1974-cü ildə respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü və Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə Mərdəkanda S.A.Yeseninin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalanıb. 1975-ci il aprelin 1-də, şairin 80 illik yubileyi ərəfəsində, 22 saylı qərarın 9-cu bəndinə, əsasən xatirə muzeyinin təntənəli şəkildə açılışı olub. Şairin ev-muzeyinin yerləşdiyi küçəyə də onun adı verilib. Bu, Rusiya sərhədləri xaricində Yeseninə həsr olunmuş yeganə xatirə muzeyi idi.
1999-cu ildən ev-muzeyi AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin tərkibinə daxil edilib. AMEA Rəyasət Heyətinin 2008-ci il 22 noyabr tarixli qərarına əsasən, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturu müəyyən edilib. O zaman Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə ev-muzeyi Sergey Yeseninin adını daşıyan Rus-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzinə çevrilib. 2010-cu il yanvarın 5-dən fəaliyyətə başlamış mərkəzin əsas məqsədi tamaşaçıları S.Yeseninin həyatı, yaradıcılığı və poetik irsi ilə tanış etmək, rus-Azərbaycan ədəbi əlaqələrinə aid olan materialların toplanması və tədqiqini həyata keçirməkdən ibarətdir.
Həmsöhbətimiz bildirdi ki, muzeydəki ekspozisiyalar əsasən şairin əsərləri, onun haqqında yazılmış kitablar, qəzet məqalələri, fotoşəkillər, ona həsr edilmiş rəsm əsərləri və şairin büstlərindən ibarətdir.
Muzey direktorunun sözlərinə görə, Yesenin Bakıda yaşadığı qısa müddətdə bir çox görkəmli şəxsiyyətlərlə tanış olur. Onların arasında Əliağa Vahid, Cabbar Qaryağdıoğlu da var idi. Dostlarının dəvəti ilə Yesenin ədəbi məclislərdə iştirak edər, Azərbaycan dilini bilmədiyi halda qəzəlin mənasını anlamağa çalışardı. Bir dəfə Yeseninin “Sizin şeirləriniz çox xoşuma gəlir, amma, onlar nə haqdadır?” sualına Vahid belə cavab verir: “Şair nə haqda yaza bilər? Məhəbbət haqqında, həyat haqqında, ölüm haqqında”.
Direktor sonda vurğuladı ki, muzeyi yerli vətəndaşlarla yanaşı xarici qonaqlar da ziyarət edir. Muzeydə həmçinin şairin anadan olması ilə bağlı hər il tədbir keçirilir.
Nurəddin MƏMMƏDLİ