Dünya Səhiyyə Təşkilatının yeni koronavirus (COVİD-19) infeksiyasının pandemiya təhlükəsinə çatması barədə məlum bəyanatından (11 mart) 70 gün ötür.
Ötən müddətdə qorxulu virusla mübarizəyə səfərbər olaraq imkanları daxilində tədbirlər görən, demək olar ki, bütün ölkələr, bu mübarizədə əldə edilən nəticədən asılı olmayaraq, tədricən sərt karantindən çıxış yoluna qədəm qoymaqdadır. Bu da, əslində, anlaşılandır. Bütün ölkə, cəmiyyət təcrid rejimində aylarla yaşaya bilməz. Anlaşılan həm də odur ki, bundan sonra hələ bir xeyli müddət bu gözəgörünməz, amma hər kəs üçün təhlükəli virusla yanaşı – özümüzü qoruyaraq – yaşamalı olacağıq...
Pandemiyanın ilk günlərindən etibarən görülən qabaqlayıcı və profilaktik tədbirlər, o cümlədən səhiyyə sisteminin vaxtında və adekvat səviyyədə səfərbər edilməsi sayəsində Azərbaycan bu gün koronavirusla mübarizə cəbhəsində daha əlverişli vəziyyətdə olan azsaylı ölkələr sırasındadır. Nəticə olaraq, may ayının 18-dən sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 18 maydan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini tərk etmək barədə icazə-məhdudiyyət rejimi aradan qaldırılıb, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət (10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə) götürülüb, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət (saat 08:00-dan 18:00-dək) bərpa olunub. Həmçinin 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb.
18 may tarixindən bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub. Eyni zamanda tarix-mədəniyyət qoruqları fəaliyyətini bərpa edir. Bu məkanlara ziyarət sosial məsafəni gözləmək və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə həyata keçiriləcək.
Bununla belə, hələ xüsusi karantin rejiminin qüvvədə olduğu sahələr də kifayət qədərdir. Buraya bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, yas və toy mərasimləri və s. daxildir.
Həmçinin yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarına, əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla), iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyətinə qoyulan qadağalar da qalmaqdadır.