Mayın 18-də Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam oldu.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bununla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 700 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.
Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan, münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında işğala əsaslanan status-quo rejimini möhkəmləndirməyə çalışır və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.
Lakin dəyişməyən bir həqiqət var; Laçın və işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi dünya ictimaiyyəti tərəfindən tanınır və Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir.
Açıqlama bu sözlərlə bitir: “Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.