Türkiyənin Alanya şəhərində beynəlxalq film festivalı keçirilir. Festival çərçivəsində iyunun 24-dən 26-dək Azərbaycan, Hollandiya, Türkiyə və Qazaxıstanın kino sənayesi nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər keçirilib.
Film və televiziya prodüserləri, distributorlar, reklam mütəxəssisləri, eləcə də rejissorlar və ssenaristlərin iştirak etdiyi dəyirmi masada milli kinematoqrafiyaların hazırkı durumu, film distribusiyasında müşahidə olunan yeni tendensiyalar, beynəlxalq birgə kino istehsalı imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Görüşlərdə ölkəmizdən rejissor, ssenarist Asif Rüstəmov və “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Səmayə Əsgərova iştirak edib. Onlar Azərbaycanda kinematoqrafın vəziyyəti, mövcud iqtisadi şəraitdə inkişafı, birgə istehsal üçün xarici istehsalçı qurumlara edilən əlverişli təklif və s. barədə söhbət açıblar.
Alanya film festivalı 30 iyunadək davam edəcək. Festivalın proqramına “Azərbaycanfilm” kinostudiyasının “Nabat” və “Axınla aşağı” filmləri də daxildir.