Azərbaycan ictimaiyyətinə görkəmli dövlət xadimi, yazıçı və həkim kimi tanış olan Nəriman Nərimanov (1870-1925) tariximizin ən dramatik taleli şəxsiyyətlərindən biridir.
Zamanın axarında tuş gəldiyi siyasi şəraitlərdən asılı olmayaraq, onun millətinə və vətəninə bəslədiyi sonsuz sevginin nəticəsidir ki, bu il respublikamızda bu böyük insanın anadan olmasının 150 illiyi qeyd olunur. Elə fırça və tişə ustalarımızın Nərimanovun şəxsiyyətinə və bədii irsinə münasibətindən bəhs edən əsərlərdə də onun xatirəsinə ehtiram duyulmaqdadır...
Nəriman Nərimanov ünvanlı əsərlərin təhlilinə keçməzdən əvvəl deyək ki, Hüseyn Cavid kimi onun da şəxsiyyətinə və bədii irsinə münasibətin köklü şəkildə dəyişməsi ötən əsrin yetmişinci illərinə təsadüf etmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə onun 100 illiyi geniş şəkildə qeyd olunmuşdu. Bütün bunlarsa yaradıcı adamların Nərimanovun həyat və yaradıcılığına marağının güclənməsinə və nəticədə bədii-estetik tutumuna görə diqqətçəkən bədii salnamənin yaranmasına səbəb olmuşdur.
Etiraf edək ki, bu gün duyulası zaman kəsiyindən ictimai-siyasi təlatümlərlə zəngin olan Azərbaycan tarixinə diqqət yetirdikdə ötən yüzilliyin ilk qərinəsinə təsadüf edən müxtəlif hadisələrdə Nəriman Nərimanovun mühüm yer tutduğunu qabarıq görürük. Bütün bunlar sonralar onun həyat və fəaliyyətinə bədii münasibət bildirmək istəyən yaradıcılar üçün təkanverici qaynaq idi.
Heç şübhəsiz, “Nəriman Nərimanov bədii salnaməsi”nin yaranmasında onun Bakı şəhərində xatirə muzeyinin açılışının böyük rolu olmuşdur. 1977-ci ildə ekspozisiyasını geniş tamaşaçı kütlələrinin üzünə açan muzeyin çoxsaylı eksponatları sırasında Azərbaycanın tanınmış fırça və tişə ustalarının maraqlı sənət nümunələri vardı. Bunların arasında Nərimanovun fəaliyyət göstərdiyi dövrü və silahdaşlarını əks etdirən bir neçə tablo olsa da, əksəriyyəti bilavasitə onun həyat və yaradıcılığı ilə bağlı sənət əsərləri idi. Onların hamısının 1977-ci ildə yaradıldığına rəğmən demək olar ki, həmin rəngkarlıq və qrafika əsərləri xatirə muzeyi üçün işlənilmişdir.
Bu mənada Xalq rəssamı Elbəy Rzaquliyevin çəkdiyi “V.İ.Lenin”, “Neft mədənlərində”, “Oktyabr günlərində” və “Dostluq” adlı tabloları onun silahdaşlarına və dövrünə həsr olunmuş əsərlər sırasına daxil etmək mümkündür. Bu tablolar realist-gerçəkçi bədii həllə malik, əsrin əvvəllərinə xas olan təzadlı situasiyanın kifayət qədər inandırıcı təqdimatına görə yadda qalır...
Bu gün onun Bakıdakı xatirə muzeyinin ekspozisiyasında Nərimanov ünvanlı digər əsərlərlə tanış olmaq mümkündür. Onları xronoloji ardıcıllıqla dəyərləndirməli olsaq, ilk növbədə Ə.Rüstəmovun yağlı boya ilə yaratdığı “N.Nərimanovun işlədiyi Qızıl Hacılı kəndinin görünüşü” tablosunun adını çəkməliyik. Bizi xəyalən Qori seminariyasının məzunu Nərimanovun müəllim işlədiyi 1890-cı ilə qaytaran mənzərədə duyulası gerçəkliklə təsvir olunan kənd motivində bədiilik inandırıcılığa kökləndiyindən əsər bu gün həm də XIX yüzilliyin sonlarının görüntüsü kimi tarixi əhəmiyyət daşıyır.
Gənc müəllimin bir il sonra artıq Bakıda – Kişi gimnaziyasında fəaliyyətinin bədii əksini isə mərhum Xalq rəssamı Oqtay Sadıqzadənin “Nəriman Nərimanov gənclik illərində” tablosunda görmək mümkündür. Ekspozisiyadakı digər lövhələrdən fərqli olaraq bu əsər 2008-ci ildə işlənib və muzeydə xüsusi təqdimat mərasimi də keçirilib. Görkəmli fırça ustası portret janrında işlədiyi lövhədə hələlik müəllimlik qayğıları ilə əhatələnmiş gənc Nərimanovun reallığı ilə diqqətçəkən obrazını yaratmağa nail olmuşdur.
1905-ci ildə Nərimanovun “Hümmət” təşkilatına üzv olması artıq onun dünyagörüşünün təkmilləşməsinin və yeni tutum almasının nəticəsi olduğundan, rəssamların onun həmin dövr fəaliyyətini nəzərdən qaçırmamalarını təbii saymaq olar. Toğrul Sadıqzadənin işlədiyi “N.Nərimanov “Hümmət”in yığıncağından sonra” tablosunda vurğulanan həmin dövr təsvir olunub. Zamanında kasıbların böyük inam bəslədikləri Nərimanovu küçədə insanların əhatəsində təsvir edən rəssam onların təzadlı yaşantılarla dolu çöhrələrində gələcəyə ümid işartıları əks etdirməyə nail olmuşdur.
Xalq rəssamı Oqtay Sadıqzadənin “Nəriman Nərimanov. 20-ci illər” tablosu bizi xəyalən Azərbaycanda ictimai-siyasi sistemin əvəzləndiyi dövrə qaytarır. Qurduqları yeni hökumətin çörəyi torpaqdan çıxan insanları ağ günə qovuşduracağına nə vaxtsa böyük ümidlər bəsləyən Nərimanov rəssam təqdimatında düşüncəlidir. Elə onu əhatələyən əmək adamlarının iri planda göstərilən çöhrələrində də sosialist gerçəkliyini tərənnüm edən əksər tablolarda müşahidə olunan süni-pafoslu gülüşün yoxluğu qarşılığında, demək olar ki, əsər bütün mənalarda təzadlı keçən iyirminci illərin siyasi-psixoloji tutumunun ürəkaçan sonluq vəd vermədiyinə bədii işarə kimi qəbul olunur. Yeri gəlmişkən, deyək ki, bu lövhə Nərimanova həsr olunmuş çoxsaylı sənət nümunələri arasında yüksək bədii-estetik məziyyətlərinə görə çox uğurlu hesab olunur.
Görkəmli fırça ustası Mikayıl Abdullayevin “V.İ.Leninin yanında” əsərində isə Nəriman Nərimanovun siyasi fəaliyyətinin tarixiləşmiş səhifələrindən birinə bədii görüntü verilmişdir. Tabloda keçmiş SSRİ-yə rəhbərlik edən Leninlə Nərimanovun görüşü əks olunub. Süjetli tablolar işləməkdə zəngin təcrübəyə malik olan Mikayıl Abdullayev Leninin iş kabinetində söhbət edən hər iki obrazı kompozisiyanın önünə çəkməklə ölkənin taleyinə cavabdeh olan bu iki siyasətçinin mükaliməsinin taleyüklü məsələlərə həsr olunduğunu duymağa imkan verir. Tablonun isti rənglərdən yaranan koloritinin süjetin uğurlu alınmasına təsiri də böyük olmuşdur.
Xalq rəssamı Davud Kazımovun “Genuya konfransında” tablosu isə, adından da göründüyü kimi, I Dünya müharibəsindən sonra, 1922-ci ildə keçirilən mühüm beynəlxalq toplantıya həsr olunub. Rəssamın açıq havada görüntüyə aldığı Rusiya nümayəndə heyəti üzvlərinin arasında Nəriman Nərimanov da var. Əsər, ilk növbədə, tarixi hadisənin bədiiləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Əlavə edək ki, Nərimanovu ora göndərməyə qərar verənlər iqtisadi məsələlərin müzakirə olunacağı bu toplantıda azərbaycanlı diplomatın siyasi-iqtisadi məntiqinə böyük ümid bəsləyirdilər...
Görkəmli qrafika ustası Ələkbər Rzaquliyevin yağlı boya ilə çəkdiyi “Nəriman Nərimanov” portretində isə müəllifin obrazın yaşantılarına nüfuzetmə bacarığı duyulmaqdadır. Eyni məziyyəti Oqtay Sadıqzadənin çəkdiyi kiçikölçülü portretdə də müşahidə etmək mümkündür.
Tanınmış plakat ustası Hacağa Nəzərovun çəkdiyi “Nəriman Nərimanov” əsərində qəhrəmanı bayraq fonunda görüntüyə gətirən rəssam portretin profil təsvirinə baxmayaraq onun qətiyyət dolu obrazını yaratmağa nail olmuşdur.
Xatirə muzeyinin fondunda saxlanılan iki əsərdə də Nərimanovun obrazı yer alıb. Onlardan biri Xalq rəssamı Hüseyn Əliyev tərəfindən, digəri isə naməlum rəssam tərəfindən işlənilmişdir.
Daha bir neçə əsərdə rəssam təxəyyülü bizi Nərimanovla müxtəlif məkanlarda və ovqatda qarşılaşdırır. Bunlar Xalq rəssamı Kamil Nəcəfzadənin “Xalq haqqında düşüncələr” (1970), monumentalçı rəssam Oqtay Şıxəliyevin “N.Nərimanov Bakının fonunda” (1970), Əməkdar incəsənət xadimi Kamal Əhmədin “N.Nərimanovun portreti” (1971) və mərhum abxaz rəssamı Zaur Adjbanın (1956-1993) “Qayğılı günlər” (1980-ci illər) əsərləridir.
Muzeyin ekspozisiyasında və fondunda Nərimanovun ədəbi irsinə bədii görkəm verən əsərlər də az deyil. Bu mənada xalq rəssamları Tağı Tağıyev və Yusif Hüseynovun yağlı və sulu boya ilə çəkilmiş illüstrasiyalarını qeyd etmək olar. Əgər T.Tağıyevin çəkdiyi tabloda “Nadir şah” pyesinin bir səhnəsinə bədii görkəm verilibsə, Y.Hüseynovun tuşla işlədiyi qrafik silsilədə Nərimanovun məşhur “Bahadur və Sona” əsərinin ayrı-ayrı səhifələrinə “bədii güzgü” tutulub. “Bahadurun getməsi”, “Yolda”, “Sonuncu məktub”, “Xatirələr”, “Bahadur və Yusif” və “Sona və Maşo” kimi lövhələrdə povestin kifayət qədər təzadlı süjetə malik olduğunu duymaq mümkündür.
Nərimanovun həyat və yaradıcılığını özündə əks etdirən rəngkarlıq və qrafika nümunələri təkcə onun xatirə muzeyində toplanmayıb. Həmin əsərlər Milli İncəsənət Muzeyində və N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fondlarında da saxlanılır. O.Sadıqzadə, H.Haqverdiyev, Y.Hüseynov, M.Abdullayev, B.Mirzəzadə, D.Kazımov və A.Hacıyevin Ədəbiyyat Muzeyindəki rəngkarlıq və qrafika, eləcə də F.Bakıxanov, E.Şamilov və Ə.Salikovun heykəltəraşlıq nümunələri N.Nərimanov ünvanlı yaddaqalan əsərlərdir.
H.Haqverdiyev və S.Salamzadənin Milli İncəsənət Muzeyindəki rəngkarlıq tablolarında da Nərimanovun ömür yoluna salınan “bədii işıq” kifayət qədər təsirli və yaddaqalandır desək, yanılmarıq.
Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasının girişlərini bəzəyən mozaik pannolarda (müəllif – Xəlil Əliyev) da görkəmli şəxsiyyətin obrazı cəlbedici kompozisiya və onun məna-məzmununu səciyyələndirən ayrıntılarla yaddaqalan bədii tutumda canlandırılmışdır.
Heç şübhəsiz, Nərimanovun bədiiləşmiş obrazlarının geniş ictimaiyyətə daha yaxşı tanış olanları ona həsr olunmuş heykəltəraşlıq nümunələridir. Bunların ən qabarıq görünəni onun Bakıda 1972-ci ildə açılışı keçirilən abidəsidir. Tuncdan hazırlanmış bu əsərin müəllifi görkəmli tişə ustası Cəlal Qaryağdıdır. Taleyinə təzadlı ömür payı yazılmış Nərimanov şəxsiyyətinə nüfuz etməyə çalışan heykəltəraş yaddaqalan plastik bədii həll vasitələri ilə onun monumental obrazını yaratmağa nail olmuşdur. Diqqətçəkən digər bir büst-abidə isə 1964-cü ildə Sumqayıtda ucaldılmışdır. Görkəmli heykəltəraş Mirəli Mirqasımovun təxəyyülünün məhsulu olan bu portret-heykəldə də möhtəşəmlik duyulmaqdadır.
Nərimanovun Rusiyanın Ulyanovsk şəhərində yerləşən abidəsi də icra sənətkarlığı baxımından diqqət çəkir. Qırmızı qranitdən hazırlanmış heykəlin müəllifi Əməkdar rəssam Aslan Rüstəmovdur. Əsərin 1977-ci ildə keçirilən açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də iştirak etmişdi.
Sonda deyək ki, Nəriman Nərimanova olan xalq məhəbbəti və onun xatirəsinin əbədiləşdirilməsinə göstərilən dövlət qayğısı görkəmli ictimai xadim və yazıçının həyatına həsr olunmuş bədii nümunələrin bu günümüzə kimi yaradılmasını şərtləndirmişdir. Ona görə də bu yerdə Nərimanova həsr olunmuş bədii nümunələrin şərh olunanlarla məhdudlaşmadığını dilə gətirməklə, hələ bundan sonra da bu yöndə yaddaqalan əsərlərin yaradılacağına ümid bəsləyirik. Buna Nərimanovun vətən sevgisindən bir an belə əskik olmayan ömür yolu əsas verir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor