Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların çəkdiyi şəkilləri təqdim edib.
Arif Hüseynzadə adına 20 nömrəli liseyin 4-cü sinif şagirdi Ceyran Hüseynova, 244 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Əsma Məmmədova, 60 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Aminə Quliyeva, 53 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Həmid Tağıyev, Murad Əhmədzadə və 6-cı sinif şagirdi Lalə Tağıyeva, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Aylin Hacıyeva maraqlı rəsmlər çəkiblər. Kitabsevər uşaqların əl işləri kitabxanaya təqdim edilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi də davam etdirilir. Muzeydən bildirilib ki, layihənin növbəti sayı uşaqların bayramına həsr olunub.
Bu dəfə layihəyə 14 şəhər, rayon və fərdi təhsil məktəbinin şagirdləri qatılıb. Layihənin təşkilində Zəngilan rayon 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova da iştirak edib.
Qeyd edək ki, məktəblilərə tarixə dair yeni biliklər vermək, gələcək peşə seçimlərinə kömək etmək məqsədi daşıyan layihənin rəhbəri muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.