XX əsr Türkiyə poeziyasına yeni fəlsəfi fikir gətirərək ədəbi məktəb yaradan mütəfəkkir ədiblərdən biri Nəcib Fazil Qısakürək olub. O, insan ruhunun metafizik dərinliklərini özündə əks etdirən bir söz sənətkarı kimi tanınıb.

Əhməd Nəcib Fazil Qısakürək 26 may 1904-cü ildə İstanbul şəhərində məmur ailəsində dünyaya göz açıb. Valideynləri Kahramanmaraş bölgəsindən İstanbula köçüblər. Nəcib ibtidai və orta təhsilini amerikan və fransız kolleclərində, eləcə də “Bəhriyyə” məktəbində (Hərbi dəniz liseyi) alıb.

Erkən çağlardan poeziyaya maraq göstərib, ilk şeirləri “Yeni məcmuə” və “Yeni həyat” jurnallarında dərc olunub. Liseydə dövrün tanınmış şairləri Yəhya Kamal, Əhməd Həmdi, İbrahim Askı kimi qələm adamlarından dərs alıb.

Nəcib Fazil orta təhsilini başa vurduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunur. 1924-cü ildə ali təhsilini bitirir və Fransanın Sorbonna Universitetinin Fəlsəfə fakültəsinə daxil olur. Bir il burada təhsil aldıqdan sonra Türkiyəyə qayıdır. Banklarda müfəttiş və mühasibat şöbəsində işləyir. O, dövlət işi ilə bərabər yaradıcılığa da vaxt ayırır. “Hörümçək toru” və “Səkilər” adlı şeir kitabları işıq üzü görür. Şairin 1932-ci ildə çap olunan “Mən və ötəsi” adlı şeirlər kitabı isə qısa müddətdə böyük populyarlıq qazanır. Şöhrətinin səsi-sorağı Türkiyənin ucqarlarına da gedib çıxır.

Poeziyasının müəyyən hissəsini təşkil edən kövrək duyğular özünəməxsus ustalıqla verilir. Müəllifin “Sevgilim” şeiri bu baxımdan diqqət çəkir. Şair həmin şeirdə eşq hissinin gözəlliyi ilə bərabər, insana yaşatdığı əzabı da ifadə edib.

Nəcib Fazil türk fəlsəfi poeziyasında özünəməxsus yer tutur. Şair əsərlərində fəlsəfi fikrə yeni məna-məzmun verib.

Keçdi, keçdi mövsümlər...
Süpürüldü təqvimlər.
Gedənlərdən qalan şey;
Divarlarda rəsmlər,
Məzarlarda isimlər...

Yaradıcılığa lirik şeirlərlə başlayan şairin poeziyasında ictimai-siyasi xarakterli ədəbi nümunələr üstünlük təşkil edir. O, bu qəbildən şeirlərini “Çilə” kitabında “Dava və cəmiyyət” başlığı altında verib. “Qəzəb və həcv” kitabı isə şairin müxtəlif məcmuələrdə dərc edilən şeirlərinin toplusudur.

Nəcib Fazil eyni zamanda on yeddi dram əsəri yazıb. “Toxum”, “Bir adam yaratmaq”, “Kinayə”, “Səbir qalası”, “Pul”, “Rəis bəy”, “Komandan”, “Qanlı sarıq” və digər pyesləri müəllifə böyük şöhrət qazandırıb. Ümumiyyətlə, ədibin dramaturgiyasında tarixi mövzular xüsusi yer tutur. Bu əsərlərdə tarixi həqiqətlərə müasir yanaşma mövcuddur. Müasiri olan ədəbiyyatşünaslar onun əsərlərini dərindən araşdırıb, yaradıcılığının təhlilinə neçə-neçə kitab həsr ediblər.

Getdikcə şöhrəti artan ədib müxtəlif təhsil ocaqlarında dərs demək üçün təkliflər alır. Fransız məktəbində, Robert kollecində, İstanbul Gözəl Sənətlər Universitetində (Memar Sinan Universiteti), Ankara Dövlət Konservatoriyası və Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur.

Araşdırmalarda şairin publisistik fəaliyyətinin ədəbi yaradıcılığı qədər əhəmiyyətli olduğu qeyd edilir. 1943-cü ildən siyasətə meyil edən Nəcib Fazil Qısakürək mətbu məqalələri ilə Türkiyə cəmiyyətində ictimai fikrə zənginlik qatıb. “Böyük Şərq” jurnalında çıxan yazıları ilə hakim partiyaya (CHP) müxalifətdə olduğunu bildirib, dəfələrlə həbs edilib. Keçdiyi həbsxana həyatı yaradıcılığına böyük təsir göstərib. Məşhur “Zindandan Mehmetə məktub” əsərində yaşadığı çətinlikləri, keçdiyi əzablı yolları qələmə alıb.

Elmi yaradıcılığı ilə də tanınan Nəcib Fazil “Namiq Kamal”, “Ulu xaqan II Əbdülhəmid xan” və s. əsərləri ilə elmi ictimaiyyətin diqqətini cəlb edib.

Sonradan ədəbiyyat qarşısındakı xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilən sənətkarın anadan olmasının 70 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilib. 1980-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin “Böyük mükafat”ına, “İman və İslam atlası” əsəri isə “Milli mədəniyyət vəqfi mükafatı”na layiq görülüb. O, həmçinin Türkiyə Yazıçılar Birliyinin “Ali xidmət mükafatı”nın da laureatı olub. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə ədibə “Sultan-üs şüəra” (“Şairlər sultanı”) fəxri adı verilib.

Nəcib Fazil Qısakürək 25 may 1983-cü ildə vəfat edib, İstanbulun “Əyyub” qəbiristanlığında dəfn olunub.

Savalan FƏRƏCOV