Bakı Beynəlxalq sulu boya festivalının seçim turu başa çatıb

Xəbər verdiyimiz kimi, mart ayında Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalında iştirak üçün müsabiqə elan olunmuşdu.

Müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.

28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümünələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib.

Əl işləri münsiflər heyətinin üzvləri – Atanur Doğan (Kanada), İlya İbrayev (Rusiya), Nader Mohazabnia (İran), İqor Yurçenko (Ukrayna), Sübhan Məmmədov, Cəlal Ağayev, Xasay Mirzəyev, Səbinə İskəndərova (Azərbaycan) tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyən olunub.

 

Birinci yer – Yekaterina Şiliyayeva (Rusiya).

İkinci yer – İlham Mirzəyev (Azərbaycan).

Üçüncü yer – Chonkhet Phanwichien (Tailand).

Dördüncü yer (Xətai Sənət Mərkəzi tərəfindən seçilib) – Nizami Əsəd (Azərbaycan).

 

Daha beş nəfər həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin yekun sərgisi pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra təşkil olunacaq və kataloq çap olunacaq.