“Metro Gallery” layihəsinin növbəti təqdimatı milli kinematoqrafa həsr olunub

İyulun 15-də Bakı metrosunun “Gənclik” stansiyasının yeraltı keçidlərində “Azərbaycan kinosu” adlı fotosərgi açılıb. 2 avqust - Azərbaycan Kinosu Günü ərəfəsində açılan sərgi “Metro Gallery” layihəsinin növbəti təqdimatıdır.
“Bakı Metropoliteni” QSC-nin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə təşkil etdiyi sərgi paytaxt sakinlərinə və metrodan istifadə edən qonaqlara milli kinomuzun müxtəlif dövrlərə foto-ekskurs imkanı yaradır.
“Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sərgidə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunur. Metro keçidlərində ümumilikdə 92 fotosənəd nümayiş edilir və bunlardan 57-si filmlərdən çəkilmiş kadrlardır. “Gənclik” metrosunda “Azərbaycan kinosu” fotosərgisi 6 ay davam edəcək.