Naftalan şəhərində ölkəmizdə və regionda ilk “Little Free Library” (“Kiçik pulsuz kitabxana”) açılıb.

Bir sıra ölkələrdə müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” layihəsinin əsası 2009-cu ildə ABŞ-da qoyulub.

Kurort şəhəri Naftalanda əhalinin və şəhərə təşrif buyuran turistlərin ixtiyarına verilən kitabxana www.littlefreelibrary.org reyestrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. Beləliklə, Azərbaycan da həmin saytın xəritəsindən ölkələr sırasında yer alıb.

Layihənin məqsədi əhali arasında kitaba bağlılığı təşviq etməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs ondan istifadə edə bilər. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxananın fəaliyyətinə “Park Hotel Naftalan” dəstək olub.

“Kiçik pulsuz kitabxana”da Azərbaycan, rus, ingilis və türk dillərində müxtəlif yaşa uyğun kitablar yer alacaq.