Kino günündə “40-cı paraleldə” almanaxının premyerası keçiriləcək
Avqustun 2-də Azərbaycan kinosu günü münasibətilə Nizami Kino Mərkəzində təntənəli mərasim keçiriləcək. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “40-cı paraleldə” kinoalmanaxının premyerası olacaq. Tədbirdə həmçinin kinoşünas, rejissor Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi təqdim olunacaq.
“40-cı paraleldə” kinoalmanaxına dörd gənc rejissorun ekran işləri - “Qara bağ” (quruluşçu rejissoru Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev) və “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı bədii filmləri daxildir.
Azərbaycanda kino tarixi 1898-ci ilin 2 avqustundan başlanır. Həmin gün Bakıda ilk dəfə kino nümayişi təşkil olunub. Fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
Kino işçilərinin peşə bayramı günündə bir qrup kino veteranı mükafatlandırılacaq.