Azərbaycan

9 iyun 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 – 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

9 iyun 1960 – Tanınmış rəssam Ucal Həsən oğlu Haqverdiyev (1960-2004) Bakıda anadan olub. Əsərləri Fransa, Avstriya, Almaniya, Türkiyə və s. ölkələrdə sərgilənib.

9 iyun 1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib. Mahnı Teatrını yaradıb.

 

10 iyun 1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 – 27.12.1975) anadan olub. Elmi tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.

10 iyun 1910 – Əməkdar artist Anatoli Semyonoviç Urvantsev (1910-1971) anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.   

10 iyun 1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

10 iyun 1983 – Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyaların, populyar mahnıların (“Qurban adına”, “Oxu, gözəl” və s.) müəllifidir.

10 iyun 1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Təbrizim” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.

 

11 iyun 1892 – Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) Bakıda doğulub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, xarakterik obrazların parlaq ifaçısı olub. “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.

11 iyun 1923 – Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev (1923-2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.

 

12 iyun 1928 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində (hazırda Ağstafa rayonu) doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

12 iyun 1932 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.

12 iyun 1977 – Əməkdar artist Məmmədkəbir Hacı oğlu Kərimov (1906-1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.

 

Dünya

 

9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.

9 iyun 1891 – Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter; 1891-1964) anadan olub.

 

10 iyun 1819 – Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1819-1877) anadan olub.

10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow; 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.

10 iyun 1929 – Rus müğənnisi, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.

10 iyun 2008 – Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.

 

11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.

11 iyun 1864 – Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss; 1864-1949) anadan olub.

11 iyun 1899 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. “Dağın naləsi”, “Köhnə paytaxt” romanlarının müəllifidir.

11 iyun 1910 — Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.

   

12 iyun 1921 – İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun görkəmli nümunələri olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.

Hazırladı:  Vüqar ORXAN