Rəssamların COVİD-19 qlobal böhranı və karantinə münasibəti
YARAT Müasir İncəsənət Məkanının “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi açılıb.
Sərgidə Ağababa Bağırov, Katerina Bortsova, Coşua Dayson, Leyli Əhmədova, Murad Əkbərli, Natiq Əsgər, “You Open a Box” art-kollektivi, Lukaş Horbov, Laura İqe, Martina Morqer, Rehan Miskçi, Furuq Noei, Florian Nitş, Natan M.Kollis, Cey Rexştayner, Qafar Rzayev, Nadya Sayapina, Yuliya Smirnova, Alina Şvibbe, Pudji Utomo, Nina Traub və Lukas Zerbst duetinin əsərləri yer alıb.
YARAT-dan bildirilib ki, sərgi koronavirus pandemiyasına həsr olunub. İnsanları yaşamaq üçün alternativlər axtarmağa məcbur edən fəlakətlərdən birini xatırladan sərgi Yer kürəsinin sakinlərinin bu fövqəladə vəziyyətə qarşı müxtəlif reaksiyalarını əks etdirir. Sərgiyə qatılmazdan əvvəl, süni intellekt, robot və insanların kəsişməsində olan hibridlər kimi avatarlar yarada bilərsiniz.
Sərginin adı və konsepsiyası Qreq İqanın “Karantin” (1992) elmi-fantastik romanından qaynaqlanıb. Əsərdə hadisələr gələcəkdə, 2034-2080-ci illərdə cərəyan edir. Günəş sistemi naməlum səbəblərə görə nəhəng qovuq tərəfindən izolyasiya olunur. Bu, geniş ictimai çaxnaşmalar, klaustrofobiya və terror aktlarına səbəb olur. Kütləvi psixoz hallarını aradan qaldırmaq üçün ən yeni imkanlara malik qabaqcıl bio və nanotexnologiyaların istifadə olunduğu neyron modullar insanların beyninə quraşdırılır. Onlar insanda müəyyən bacarıqlar, müxtəlif emosiyalar, dəyişdirilmiş şüur durumları yaratmaqla yanaşı, qeyri-qanuni nəzarət sistemləri və müxtəlif effektləri tətbiq edir.
Sərgi məkanı bu metafizik nöqteyi-nəzəri əks etdirir. Ziyarətçilər paralel olaraq digər insanlar arasında baş verən imkanların müxtəlifliyini araşdıraraq fərqli emosional durumlara “səyahət etmək”, idarəetmə sistemlərinin nəzarətindən, son olaraq bu qeyri-müəyyən, bulanıq durumdan xilas olmaq arzusunu yaşaya biləcəklər.
Rəssamların təqdim etdiyi əsərlər COVİD-19 qlobal böhranının səbəb olduğu karantin fonunda müxtəlif mümkün və qeyri-mümkün durumları və mövqeləri nümayiş etdirir. Əsərlərdə izolyasiyanın səbəb olduğu, bu gün geniş vüsət alan rəqəmsal və fiziki yaradıcılıqda bədii ifadə formasını tapmış yalnızlıq və olduqca qaranlıq əhval-ruhiyyə ortaya çıxır. Eyni zamanda virtual məkanı təcrübə və macəra üçün yeni fürsət hesab edən, lakin sosial şəbəkələrdə özlərini süni təmsil edənlər haqqında tənqidi düşünən, saxta, şişirdilmiş “fağır” mövqeləri şübhə altına qoyan səslər təqdim olunur. Gündəlik həyatın gözəlliyini əks etdirən əsərlər isə yeni məna səviyyəsini formalaşdırır. Onlar gündəlik həyatın bayağı hadisələrini yumoristik və sənədli formada “xüsusiləşdirir” və bizi kiçik hadisələrin gözəlliyindən zövq almağa stimullaşdırır.
Ekspozisiyalardan biri əlavə olaraq gender stereotipləri haqqında təsəvvürləri şübhə altına qoyan “həyatın dramı” mövzusuna həsr olunub. Görəsən, əhval-ruhiyyəmizin qəfil dəyişkənliyi necə ifadə olunur? Emosional “partlayışlarla”, yoxsa özümüzə qapanmaqla?...
“Virtual ARTIM” layihə məkanında sərgi avqustun 22-dək davam edəcək.