“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi Azərbaycan kino işçilərinin peşə bayramını milli filmlərin nümayişi ilə qeyd edib. Avqustun 2-də “28 Mall” Ticarət Mərkəzindəki “CinemaPlus” və Gəncə şəhərindəki “CinemaPlus Khamsa” kinoteatrlarında 1945-ci ildə Üzeyir Hacıbəylinin operettası əsasında çəkilən “Arşın mal alan” filmi (restavrasiya olunmuş rəngli versiya) nümayiş olunub.
Həmçinin, “Cinemaplus”da “ADDIM” Gənclər Təşkilatı ilə birgə bir sıra filmlər göstərilib. Bura Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Yarımçıq xatirələr”, Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında çəkilən “Xeyirlə şərin rəqsi”, “Pərdə” və “Dərs” filmləri daxildir.