Respublika rəsm müsabiqəsinin onlayn sərgisi

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən “Minnətdarıq” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi onlayn formatda təqdim olunub.

Sərgi COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının göstərdiyi fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq məqsədilə təşkil edilib.

Müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim olunub.

Təqdim olunan əsərlərin təhlili göstərib ki, rəssamlıq istedadı olan uşaqlar, yeniyetmələr və gənclər COVİD-19 pandemiyasının təsirlərini, bu mübarizədə ön sıralarda dayanan peşə sahiblərinin fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacarıblar.

Müsabiqənin pul mükafatına layiq görülənlər bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini iyunun 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012 493 93 85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasına (elektron poçt ünvanı – resmqalereya@gmail.com) təqdim edə bilərlər.

Müsabiqənin yekunlarına görə müəyyən olunmuş hədiyyələri və diplomları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə əməl etməklə (qoruyucu maskalardan istifadə, sosial məsafə saxlamaq) həftəiçi hər gün saat 10:00-dan 18:00-dək Xətai Sənət Mərkəzinə yaxınlaşaraq əldə etmək olar.