Avqustun 23-də, Cəbrayıl və Füzuli rayonlarının işğalının ildönümündə YARAT Müasir İncəsənət Məkanında “Qara bağ” qısametrajlı bədii filminin nümayişi keçiriləcək.
“Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir. Kinoalmanaxın premyerası bu yaxınlarda, 2 avqust - Azərbaycan kinosu günündə keçirilib.
“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.
Film məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Filmin nümayişinə giriş sərbəstdir. Əlavə məlumat üçün əlaqə telefonu: +99412 5051414