Yunanıstanın “Ta Nea” və “Ethnos” qəzetlərində Azərbaycan səhnəsinin tanınmış teatr və kino aktrisası, pont-yunan mənşəli Panfiliya Tanailidinin həyat və yaradıcılığından bəhs edən məqalə dərc edilib.
Məqalədə aktrisanın 1891-ci ildə İrəvan xanlığının Zəngəzur mahalının Başkənd kəndində doğulduğu və bu bölgənin əvvəllər Azərbaycan xanlıqları – Qarabağ, Naxçıvan və İrəvanın ərazilərini təşkil etdiyi bildirilir. Qeyd edək ki, Tanailidinin ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya Tiflisdə rus və gürcü dillərini də öyrənib.
Yazıda göstərilir ki, erkən yaşlarından incəsənətə, xüsusən teatr sənətinə həvəs göstərən aktrisa Tbilisidə Azərbaycan dram truppasının hazırladığı müxtəlif tamaşalarda Sürəyya Zəngəzurlu təxəllüsü ilə çıxışlar edib. 1924-cü ildə Bakı şəhərinə köçdükdən sonra öz yaradıcılığını Azərbaycan Dövlət Dram Teatrında davam etdirən Tanailidi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazana bilib. Eyni zamanda böyük səhnə ustası olan aktrisa teatr truppasının tərkibində qonşu ölkələrə qastrol səfərlərində teatr mədəniyyətimizi yüksək səviyyədə təmsil edib.
1937-ci ildə tüğyan edən repressiyanın qurbanı olan Tanailidi saxta casusluq ittiham ilə həbs edilib. Məhkəmənin hökmü ilə 1938-ci ildə güllələnən aktrisaya yalnız 1957-ci ildə - Stalinin ölümündən sonra bəraət verilib.
Məqalədə Azərbaycanda tarixən mövcud olan zəngin multikultural, tolerantlıq və dini dözümlülük mühitində yaşayıb-yaradan aktrisanın xatirəsinin unudulmadığı qeyd olunub.
Qeyd edək ki, zəngin yaradıcılığı dövründə Panfiliya Tanailidi teatr səhnəsində Kəblə Fatma (“Ölülər”), Emiliya (“Otello”), Şamama cadu (“Pəri cadu”), Tükəz (“Hacı Qara”), Köylü qadın (“Topal Teymur”), Marqo (“Knyaz”), Tamara (“Oqtay Eloğlu”), Böyükxanım (“Aydın”) kimi obrazlar yaradıb, iki bədii filmdə (“İsmət” və “Almaz”) çəkilib.