Bu il 145 yaşı tamam olan milli mətbuatımızın nümunələrindən biri də “Lək-lək” satirik jurnalıdır. Jurnal 1914-cü ildə Azərbaycanın qədim şəhəri İrəvanda nəşr olunub.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna XIX əsrin 80-ci illəri – XX əsrin 30-cu illəri dövrünü ehtiva edən nəşrlər məcmusu daxil olub. Mətbuat nümunələrinin arasında İrəvanda buraxılan “Lək-lək” satirik jurnalı da var.
Muzeydən verilən məlumatda bildirilir ki, “Molla Nəsrəddin” jurnalından vüsət alan məcmuənin 1914-cü il fevralın 22-dən iyunun 30-dək 12 nömrəsi işıq üzü görüb. Jurnal Mirməhəmməd Mirfətullayevlə tanınmış irəvanlı pedaqoq və maarifçi Cabbar Əsgərzadə tərəfindən nəşr olunub. İrəvan qubernatorunun 1914-cü il yanvarın 21-də verdiyi şəhadətnaməyə görə, jurnalda baş məqalə, şeir, şəhər, ölkə, dünya xəbərləri, həcv, təmsil və sair dərc etməyə icazə verilirdi. Muzeyin fondunda nəşrin bütün nömrələri cildlənmiş şəkildə mühafizə edilir.