Azərbaycan Aşıqlar Birliyinin növbəti nəşri – “Aşıq gözəlləmələri” kitabı (Bakı, 2020, 423 s.) işıq üzü görüb. Nəfis tərtibatla nəşr olunan antologiya ozan-aşıq poeziyasının mühüm qolunu təşkil edən gözəlləmələrin geniş oxucu auditoriyasına təqdim olunması məqsədilə hazırlanıb.
Bu məqsədlə Dədə Qorquddan üzü bəri gələn ustad sənətkarlarımızın yaradıcılığındakı çeşidli gözəlləmə örnəkləri toplanıb bir araya gətirilib. Kitabda altmış iki aşığın və iyirmi altı el şairinin gözəlləmələri cəmləşib. Bundan başqa, on məhəbbət dastanından da uyğun gözəlləmələr təqdim olunub.
Gözəlləmə havaları üstündə oxunan bu nümunələr ulularımızın gözəllik təsəvvürlərini, əxlaq və mənəviyyat zənginliyini, saz-söz sinəsində daşınıb gələn bədii-estetik dəyərləri aydınlaşdırmaq baxımından mükəmməl poetik sərvətdir. Topluda ustad aşıqların yaratdığı gözəlləmələrlə yanaşı, dastanlardan, el şairlərinin yaradıcılığından seçilmiş poetik örnəklərə də yer verilib.
Antologiya geniş oxucu kütləsi ilə bərabər, aşıq ifaçılığı ilə məşğul olan sənət adamları üçün də faydalıdır.
Kitabı Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlı hazırlayıblar. Antologiyanın redaktorları fəlsəfə doktorları Aynur Xəlilova və Altay Məmmədlidir.