Bakı Film İnstitutunda (BFİ) növbəti kinorejissor, kinoprodüser, ssenarist, aktyor kurslarına dinləyici qəbuluna start verilib.
BFİ-nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev bildirib ki, dərslər sentyabr ayında başlanacaq. Onun sözlərinə görə, ali incəsənət təhsili almayan, lakin çox istedadlı gənclərimiz var. Müxtəlif təhsil ocaqlarında oxumaqlarına baxmayaraq, onların kinoya bağlılıqları çoxdur. Onları bir yerə yığmaqda BFİ-nin böyük rolu oldu: “Dünya kinosuna nəzər yetirəndə görürük ki, xeyli rejissor, aktyor və prodüser ixtisasca başqa sahə üzrə təhsil alıblar. Lakin istedadları sayəsində bu sənətdə kifayət qədər uğur qazanıblar. Belə hallar kinoda normaldır. Bu baxımdan, biz də kinorejissor, aktyor, prodüser kurslarını təşkil etdik”.
BFİ-nin rəhbəri qeyd edib ki, ötən illər ərzində təşkil olunan iki kinoprodüser, iki rejissor, dörd aktyor kursunun 50-dən çox dinləyicisi olub. Hazırda onların bəziləri xaricdə kino təhsilini davam etdirirlər. Əməkdar artist Nofəl Vəliyevin aktyor kursunun tələbəsi Ruslan Pavlov Rusiyada Boris Şukin adına Teatr İnstitutuna qəbul olan və dövlət hesabına təhsil alacaq 15 azərbaycanlıdan biri oldu. Bundan başqa, bəzi dinləyicilərimiz öz filmlərini çəkirlər, aktyorlarımız serial və filmlərdə çəkilirlər: “Hədəflərimiz daha da irəli getməkdir. Ona görə istedadına güvənən gənclərə qapımız hər zaman açıqdır. Kinonu sevən, bu yolda irəliləmək istəyən hər bir gənc kurslarımıza qatıla bilər”.
Qeyd edək ki, BFİ-nin kurslarında rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, Cavid Təvəkkül, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Elnur Əliyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov, Rasim Cəfər, Bəhruz Vaqifoğlu və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor, rejissor Qurban Məsimov, Nofəl Vəliyev olub.