Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndəsi, ünlü yazıçı, dramaturq, pedaqoq, publisist, ədəbiyyatşünas, diplomat, siyasi-ictimai və dövlət xadimi Əbdürrəhim bəy Haqverdiyevin zəngin və çoxşaxəli həyatının, yaradıcılığının və fəaliyyətinin müəyyən dövrü Gürcüstanla çarpazlaşmışdır.

Tale onun ömür yolunu Gürcüstana ilk dəfə 20 yaşında salmışdır. 1890-cı ildə Şuşa real məktəbinin altıncı sinfini bitirdikdən sonra Tiflisə üz tutan böyük ədib orta təhsilin növbəti sinfini bu şəhərin real məktəbində başa vurmuş və daha sonra Sankt-Peterburqda ali təhsil almışdır. Tiflisdə təhsil aldığı bir illik qısa zaman kəsiyi Ə.Haqverdiyevin teatr dünyasına marağının əsasını qoymuşdur. Bu barədə o öz tərcümeyi-halında yazırdı: “Mükəmməl dram teatrı nə olduğunu mən ancaq Tiflisdə anladım. Tiflisdə təhsil edərkən “Nahaq qan” sərlövhəli bir faciəni ruscadan tərcümə etdim”.

Əbdürrəhim bəy 1891-ci ildə Gürcüstandan ayrıldıqdan sonra da Tiflis ədəbi-mədəni mühiti ilə əlaqəsini kəsməmiş, burada nəşr olunan “Molla Nəsrəddin” satirik-yumoristik jurnalında müxtəlif imzalarla hekayə və felyetonlar çap etdirmişdir.

Professor Abbas Hacıyevin araşdırmalarından bəlli olur ki, Əbdürrəhim bəy Tiflisdə türk (Azərbaycan) teatrı ilə daha çox əməkdaşlıq edən yazarlarımızdan olub: “Hətta Ə.Haqverdiyev bir neçə əsərə mükəmməl, realist üslubda bədii quruluş vermişdir. 1907-ci il aprelin 27-də onun rejissorluğu ilə “Dağılan tifaq” (Əbdürrəhim bəyin 1896-cı ildə yazdığı və ona dramaturq şöhrəti qazandıran məşhur faciəsi – müəlliflər) tamaşaya qoyulmuşdur. Tamaşa təsirli və mənalı keçmiş, tamaşaçılar tez-tez aktyorları və Ə.Haqverdiyevi səhnəyə çağırıb alqışlamışlar”.

1908-ci ildə Tiflisdə Əbdürrəhim bəyin “Ağa Məhəmməd şah Qacar” faciəsi uğurla səhnələşdirilmişdir. Teatr tariximizə dair araşdırmalardan o da aydın olur ki, Tiflisdəki Azərbaycan teatrının repertuarında görkəmli dramaturqun, həmçinin “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və “Köhnə dudman” pyesləri yer almışdır. Teatrın bəzi tamaşalarında Əbdürrəhim bəyin özü də rol alıb aktyor qismində iştirak etmişdir.

1911-ci ildən etibarən Ağdamda yaşayan Ə.Haqverdiyev 1912-ci ilin 1 aprelində Tiflisin Şeytanbazar məhəlləsində sıx yaradıcılıq təmasında olduğu türk (Azərbaycan) teatrı üçün “Auditoriya” (Türk-Azərbaycan Xalq evi) adlanan ayrıca binanın təntənəli açılış törənində iştirak etmiş, teatrın toplum üçün məziyyətləri barədə məzmunlu nitq söyləmişdir.

Əyalətdə yaşamasına rəğmən, göründüyü kimi, Tiflis sənət aləminin cazibəsindən və təsirindən qopa bilməyən Əbdürrəhim bəy 4 yanvar 1916-cı ildə Ağdamdan Moskvada təhsil alan bacısı oğlu Hüsüyə yazdığı məktubunda Tiflisdə məskunlaşmaq niyyətini dilə gətirirdi:

“Mən Tiflisə köçmək barədə ciddi düşünürəm, deyəsən, baş tutacaq; Tiflisdə açılacaq müsəlman ruhani seminariyasında mənə müdir müavini vəzifəsini söz veriblər, ümumiyyətlə, orada mənim barəmdə çalışırlar”.

1916-cı ildə Ə.Haqverdiyev, həqiqətən, Tiflisə yerləşir, ancaq məktubda yazdığı kimi, burada ruhani seminariyasında deyil, “Ümumrusiya şəhərlərinin xəstə və yaralı döyüşçülərə yardım ittifaqı”nın Qafqaz komitəsində işə başlayır və qeyd olunan komitənin xəbərlər məcmuəsinə («Известия Кавказского комитета /Всероссийский Союз Городов помощи больным и раненым воинам») redaktorluq edir. Bundan sonra Əbdürrəhim bəyin həyat-fəaliyyət yolunun təqribən dörd ili (1916-1919-cu illər) tamamən Gürcüstanla bağlı olur.

1917-ci il Rusiyada çarizmin süqutu ilə nəticələnən Fevral burjua-demokratik inqilabından sonra Ə.Haqverdiyev Tiflis İcraiyyə Komitəsinə və onun Mərkəzi şurasına üzv seçilir. Həmin ilin mart ayında isə Xüsusi Cənubi Qafqaz Komitəsinin (OZAKOM) rəhbərliyi tərəfindən Tiflis quberniyasının Borçalı qəzasına komissar (müvəkkil) təyin olunur və qəza mərkəzi Şulaver kəndində məskunlaşaraq 1 il 3 ay bu vəzifəni icra edir.

Əbdürrəhim bəyin Borçalıda məmurluğu zamanında erməni şovinist siyasətçiləri çar Rusiyasında, o cümlədən Cənubi Qafqaz quberniyalarında yaranmış hakimiyyət boşluğu və siyasi xaosdan yararlanaraq ermənilərin kompakt yaşadığı ərazilərin eyni inzibati-ərazi vahidlərinin tərkibində cəmləşdirilməsi üçün gələcəyə hesablanmış addımlar atmağa başlayır, bu istiqamətdə Tiflisin rəsmi dairələrində mövcud əlaqələrindən istifadə edərək Borçalı qəzasının cənub kəsiminin – Lori (Loru) nahiyəsinin Aleksandropol (Gümrü) quberniyasına birləşdirilməsi üçün imkanlarını sınayırlar. Ermənilərin bu məkrli planı Lorunun qeyri-erməni, xüsusilə də türk əhalisi tərəfindən ciddi təpkilərlə qarşılanır. Bununla bağlı kənd icmalarının toplantıları keçirilir və Tiflisdə yerləşən mərkəzi dövlət strukturlarına, dövri mətbuat orqanlarının redaksiyalarına etiraz məktubları və kollektiv müraciətlər ünvanlanır.

Borçalı qəzasından Aleksandropol quberniyasına torpaq verilməsinə sərt müqavimət göstərənlərin başında qəzanın komissarı Ə.Haqverdiyev gəlirdi. Kənd icmalarının haqqında bəhs etdiyimiz etiraz yönümlü toplantılarına da çox zaman o özü sədrlik edirdi. Belə toplantılardan biri barədə məlumata Borçalı qəzasının Gürcü-Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri K.Svimonişvilinin Tiflisdə rus dilində nəşr olunan “Qruziya” gündəlik siyasi-ədəbi qəzetinin 7 noyabr 1918-ci il tarixli sayında işıq üzü görmüş “Borçalı qəzası və onun tələbləri” sərlövhəli məqaləsində rast gəlinir. Borçalı qəzasının həm ərazisinə, həm də əhalisinin sayına görə nəinki Tiflis quberniyasının, ümumən Cənubi Qafqazın ən iri qəzalarından olduğu, tatarların (Azərbaycan türklərinin) qəza əhalisinin böyük əksəriyyətini təşkil etdiyi vurğulanan məqalədə gürcü müəllif erməni millətçilərinin Loru bölgəsi üzərində iştahası və Qriqorian ermənilərdən başqa, digər yerli əhali qruplarının buna qəti etirazları üzərində dayanaraq yazırdı:

“Ötən 1917-ci ilin sentyabr ayında qəza komissarı Əbdürrəhman bəy (adı səhv yazılmışdır – müəl.) Haqverdiyevin sədrliyi ilə Cəlaloğlu kəndində 18 kənd icra komitəsinin üzvlərinin toplantısı keçirilmişdir. Bu toplantıda Lori bölgəsinin Aleksandropol quberniyasına birləşdirilməsi məsələsi müzakirə olunmuş və yalnız cəlaloğlulu yerli şovinist, daşnakların lideri Artaşes Avakov istisna olmaqla, hər kəs tərəfindən yekdilliklə Lori bölgəsinin Tiflis quberniyasının tərkibində saxlanması və heç bir vəchlə Aleksandropol quberniyasına birləşdirilməməsi xahişi ilə hökumətə müraciət ünvanlamaq barədə qərar qəbul edilmişdir”.

Komissar Ə.Haqvediyevin sədrliyi ilə 1917-ci ilin 25 noyabr tarixində keçirilmiş fərqli məzmunlu başqa bir toplantı barədə Tiflisin digər rusdilli mətbu orqanı olan “Borba” qəzeti məlumat yayırdı. Bu məlumat Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) nümayəndəsi L.O.Elbakyantsın və Borçalı qəzasının Uzunlar kəndinin bir qrup sakininin 1917-ci ilin 17 noyabr tarixində Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə onların kəndlərində baş vermiş qanun pozuntuları ilə əlaqəli şikayət məktubuna əlavə olaraq dərc edilmişdi. Şikayət məktubunda Uzunlar sakinləri seçki zamanı “Daşnaksütyun” partiyasının təmsilçisi A.Kalantaryanın Lori nahiyəsinin digər erməni kəndlərini nümunə göstərərək bir nəfərin öz yaxın qohum-əqrəbasının yerinə də səs verə biləcəyinin mümkünlüyünü iddia etdiyini, nəticə etibarilə Elbakyantsın etirazına baxmayaraq, səsvermədə iştirak edən bəzi şəxslər tərəfindən seçki qutusuna bir neçə bülletenin atıldığını bildirir, seçkilərin nəticələrini ləğv edib qısa müddətdə yeni seçkilərin keçirilməsini tələb edirdilər. Bununla əlaqədar Müəssislər Məclisinə seçkilər üzrə Borçalı qəza komissiyası sədr Ə.Haqvediyevin və komissiya üzvləri – nahiyə müstəntiqi Kaçaryantsın, Çatulovun, Tuçkovun və Elbakyantsın iştirakı ilə qəza mərkəzi Şulaverdə öz iclasını keçirir. İclasda Elbakyantsın və Uzunlar kəndinin sakinlərinin müraciətləri nəzərə alınaraq yeni seçkilər təyin edilir.

Qeyd edək ki, Əbdürrəhim bəy Borçalı qəzasında komissar vəzifəsində çalışarkən Borçalı əsilli tanınmış maarifçi ziyalıları öz yanında işlə təmin etmişdi; əslən qəzanın Faxralı kəndindən olan təhsil xadimi Mirzə Rza Əlizadə onun müavini, qəzanın Kirəc Muğanlı kəndinin sakini, mollanəsrəddinçi yazar-şair Həsən Məcruh (Mirzə Həsən Məmmədov) isə katibi olmuşdur.

1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası (GMŞ) tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra Əbdürrəhim bəy Haqvediyev ictimai-siyasi fəaliyyətini yenidən Tiflisdə davam etdirir. O, burada həmin ilin yayında radikal solçu Əliheydər Qarayevin sədrliyi ilə təsis edilmiş Gürcüstan Müsəlmanları Milli Şurasının (GMMŞ) rəhbər heyətində təmsil olunur, eyni zamanda Türk Dram Cəmiyyətini yaradaraq ona sədrlik edir və GMMŞ-nin təsis etdiyi müsəlman yüksək pillə ibtidai məktəbində inspektor vəzifəsində pedaqoji fəaliyyətlə məşğul olur.

Yeni yaradılmış Gürcüstan (Demokratik) Respublikasında parlament funksiyasını həyata keçirən GMŞ-də qəbul edilmiş 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılırdı; bu çərçivədə Azərbaycan türklərinə 4 yer ayrılmışdı. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan GMMŞ Əliheydər Qarayev, Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov (tanınmış ədəbiyyatşünas-alim Əziz Şərif) və Mirzə Hüseyn Həsənzadəyə parlamentdə təmsilçilik mandatını verir. Mandat qazanmış şəxslərin heç biri əslən Gürcüstan türklərindən olmasalar da, hansısa şəkildə Tiflis və ya Borçalı ictimai-siyasi və ədəbi-ziyalı mühiti ilə bağlılıqları var idi.

“Qruziya” qəzeti 10 oktyabr 1918-ci il tarixli sayında “Gürcüstan parlamentində müsəlmanlar” başlığı altında onların qısa tərcümeyi-halını dərc etmişdi:

 

- Haqverdiyev Əbdürrəhim bəy – Şuşa qəzasının yerli kiçik zadəganlarındandır. Natamam orta təhsil almışdır. Rusiya I Dövlət Dumasına deputat seçilmiş və Duma buraxılandan sonra Vıborq bəyannaməsini imzalamamışdır. “Nadejda” (“Ümid”) sığorta cəmiyyətində, sonra isə H.Z.Tağıyevin gəmiçilik şirkətində işləmiş və oradan məşhur mühəndis Behbudovun işi ilə əlaqədar çıxarılmışdır. Daha sonra, əsasən, “Molla Nəsrəddin” yumoristik jurnalı ilə əməkdaşlıq edərək jurnalistika ilə məşğul olmuşdur. İnqilabın (1917-ci ilin oktyabr çevrilişinin – müəl.) ilk günlərində Şəhərlər ittifaqında xidmət edə-edə müsəlmanların ictimai işlərində iştirak etmişdir. Sonra Zaqatalaya qəza komissarı təyin olunmuşdur, ancaq yerli müsəlman əhali onu qəbul etməmişdir. Sonradan Borçalı qəzasına eyni vəzifəyə təyin edilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya Seyminə namizəd olmuşdur. Borçalı qəzasının komissarı vəzifəsindən azad olunduqdan sonra “Hümmət” sosial-demokrat partiyasının sıralarına daxil olmuşdur;

- Şərifov Ə. – Moskva Kommersiya İnstitutunun 2-ci kurs tələbəsi. Tiflisdə 1 saylı gimnaziyanın şagirdi olmuş, oradan kommersiya məktəbinə keçmişdir. İnqilabın əvvəlində sosialist kimi çıxış etməyə başlamışdır. “Gələcək” adlı partiya mətbu orqanının redaktorlarından biridir;

- Həsənzadə M.H. – Qori Müəllimlər İnstitutunda-Seminariyasında təhsil almışdır. Tiflis ibtidai məktəblərində müəllim işləmişdir. Eyni zamanda Zaqafqaziya Şiə Ruhani İdarəsinin katibinin köməkçisi vəzifəsini tutmuşdur. Yeni dumada (Tiflis şəhər Duması – müəl.) tərcüməçi vəzifəsində çalışmışdır;

- Qarayev Ə. – Vətəndaş yetkinliyi yaşına yeni çatmışdır. Birinci kurs tələbəsidir. Dürüst və ideoloji “hümmətçi”lərdən hesab olunur. Gənc olduğu üçün elə bir xüsusi ictimai xidməti olmayıbdır.

Qeyd edək ki, Ə.Haqverdiyevin “Qruziya”da dərc olunmuş tərcümeyi-halında müəyyən qeyri-dəqiqliklər var. Xüsusən onun partiya mənsubiyyəti ilə bağlı verilən bilgilərin həqiqəti əks etdirmədiyini elə həmin qəzetin səhifələrində Əbdürrəhim bəyin onu tez-tez siyasi mövqeyini dəyişməkdə ittiham edən yazıçı həmkarı Eynəli bəy Sultanova verdiyi cavabda görmək olur. Rusdilli mətbuatda çox zaman “Musulmanin” (“Müsəlman”) imzası ilə çıxış edən E.Sultanov bu imza altında “Qruziya” qəzetində çap etdirdiyi “Hümmət” partiyasının yeni üzvü” başlıqlı məqaləsində yazırdı:

“Bizə verilən məlumatlara görə, Tiflis müsəlman sosial-demokratlarının “Hümmət” partiyası müsəlman yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin simasında yeni üzv əldə edibdir. Cənab Haqverdiyev Qafqazın digər xalqlarının birinci dərəcəli yazıçıları ilə eyni sıraya qoyula bilməz, ancaq Azərbaycan müsəlmanları arasında o, az-çox görkəmlidir, çünki ondan istedadda geri qalmayan Azərbaycan dramaturqu N.Vəzirov çoxdandır yazmağı dayandırıb, müsəlman dramının digər müəlliflər kütləsi isə həddən artıq görünməyən ölçüdədirlər.

Buna görə də cənab Haqverdiyevin (bəlkə o, bizim onu “yoldaş” adlandırmağımızı arzu edir) bu və ya digər partiyaya mənsubiyyətinin müsəlmanların ziyalı dairələrinə aidiyyatı var, elə bunun əsasında biz yerli müsəlmanların həyatında baş vermiş belə bir hadisəyə diqqət ayırırıq.

Bizə bəlli olduğu qədər, cənab Haqverdiyev rus inqilabının ilk günlərindən müsəlman ziyalıların digər bütün ali təbəqələri kimi “Müsavat” partiyasına qoşulmuşdu. O, indi də Azərbaycan hökumətinin nümayəndələri ilə öz əlaqələrini tam olaraq kəsməmişdir. Necə və hansı səbəbə o, indi Azərbaycanın əleyhdarlarının düşərgəsinə keçibdir?

Biz cənab Haqvediyevdən qeyd olunan məsələ ilə bağlı dərc olunmuş şəkildə izah və cavab tələb edirik. Əks halda həm də “müsəlman yazıçısı” adlandırıla biləcək bizim yeganə dramaturqumuzun siyasi görüşlərinin “külək əsən səmtə” dəyişdiyini bilmək məcburiyyətində qalacağıq. Kədərlidir”.

“Musulmanin”ə cavabında Ə.Haqvediyev, ümumiyyətlə, heç bir siyasi partiyanın üzvü olmadığını vurğulayırdı:

“Bununla bəyan edirəm ki, heç zaman “Müsavat” partiyasının üzvü olmamışam və deyiləm. Zaqafqaziya Seyminə mənim namizədliyim “Müsavat” partiyası tərəfindən deyil, onun bitərəf qanadı (Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən olan partiyasızlar qrupu – müəl.) tərəfindən irəli sürülmüşdü. Əksinə, mənim namizədliyim “Müsavat” partiyası tərəfindən təpki ilə qarşılanmış və adım ön sıralardan çıxarılıb onuncu sıraya salınmışdı.

“Hümmət” partiyasının da üzvü deyiləm. Doğrudur, “Hümmət” partiyasının nəşrlərində iştirak edirəm, ancaq mənim iştirakım yalnız partiyanın proqramı ilə ümumi heç bir şeyi olmayan ədəbi məzmunlu məqalələrlə məhdudlaşır.

Mən heç zaman heç bir partiyanın üzvü olmamışam və parlamentə daxil olanda da özümü bitərəf elan etmişəm.

Yekun olaraq bildirirəm: Mən həmişə solçu sosialist partiyalara rəğbət bəsləmişəm və indi də bəsləyirəm, çünki öz xalqımın xoşbəxtliyini onların proqramının icrasında görürəm”.

Əlavə edək ki, həmin dövrün gürcü mətbuatında da Ə.Haqverdiyevin “Hümmət”in üzvü olduğu barədə yanlış qeydlərlə qarşılaşmaq mümkündür.

Gürcüstan (Demokratik) Respublikasının parlamentində milli azlıqların nümayəndələrinin dövlət dilini bilmək məcburiyyəti və öhdəliyi olmasa da, Ə.Qarayev deputat seçilməsindən təqribən bir ay sonra gürcü dilini bilməməsini əsas gətirərək parlament rəhbərliyinə istefa ərizəsi ilə müraciət edir. Ə.Qarayevin ərizəsi parlamentin 5 noyabr 1918-ci il tarixli iclasında dinlənilir və qəbul olunur. Bundan sonra siyasi fəaliyyətini artıq Bakıda davam etdirən Ə.Qarayevi Gürcüstan Müsəlmanları Milli Şurasının sədri vəzifəsində Əbdürrəhim bəy Haqverdiyev əvəz edir.

Beləliklə, Azərbaycan türkləri Gürcüstan parlamentində 3 nəfərlə (Ə.Haqverdiyev, Ə.Şərifov, M.H.Həsənzadə) təmsil olunurlar. Stenoqrafik hesabatlardan bəlli olur ki, Ə.Haqverdiyev parlament iclaslarında aktiv iştirak edərək mühüm ümumölkə əhəmiyyətli məsələlərdə siyasi mövqe ortaya qoymaqdan çəkinmir və təmsilçisi olduğu toplumun, əsasən, təhsil sahəsində üzləşdiyi problemləri mütəmadən qaldırırdı.

Parlamentin 22 noyabr 1918-ci il tarixli iclasında təhsil müəssisələrində din fənninin icbari qaydada tədrisinin ləğvi məsələsi müzakirə olunur. Bu iclasda Ə.Haqverdiyev söz alaraq Azərbaycan-türk məktəblərində şəriətin tədrisinin saxlanılmasının labüdlüyünü söyləyir: “...Şəriətin tədrisinin ləğv edilməsi vətəndaşların inancına qarşı mübarizə aktı deyil, ancaq buna rəğmən əhalinin müsəlman kəsiminin azşüurlu kütləsi arasında təbliğat aparmaq üçün müxtəlif təxribatçılara material vermək lazım deyil. Belə azşüurluluğun mövcud olduğu halda şəriətin tədrisinin dayandırılması bütün müsəlman məktəblərinin bağlanmasına bərabərdir. Şəriət din dərsi deyil, Məhəmməd dini əsasında yaranmış əxlaq təlimidir və onu yalnız müsəlmanlar öyrənmir”.

(ardı var)

Fəxri Valehoğlu-HACILAR
tarix üzrə elmlər doktoru

Namiq Valehoğlu-HACILAR
Əməkdar mədəniyyət işçisi