Fransalı fotoqraf-yazıçı yeni kitabında Bakıya xüsusi yer ayırıb
Fransız sərgi kuratoru, fotoqraf və yazıçı Giyom dö Sardrın “Şərqə doğru” adlı yeni foto-romanı işıq üzü görüb. Kitabda G.Sardr bir çox ölkələrin paytaxtlarına səfərləri haqqında çəkdiyi şəkillər vasitəsilə ətraflı məlumat verir.
Kitaba Azərbaycanın paytaxtı Bakının tarixi abidələri, əsrarəngiz arxitekturası və görməli yerləri haqqında məlumat və şəkillər, o cümlədən müasir memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin, “Alov qüllə”lərinin, Bakı gecəsinin fotoları daxil edilib.
Müəllif Bakının onun diqqətini xüsusi cəlb etməsini, böyük İpək Yolunun keçdiyi ölkəmizdə karvansaraların və neft mədənlərinin onda maraq oyatmasını, Bakıya gələrkən təsəvvüründə yaratdığından daha müasir şəhər kəşf etdiyini vurğulayıb.
O, həmçinin dünyəvi dövlət olan Azərbaycanda müsəlmanların, xristianların və yəhudilərin nümayəndələrinin birgə sülh şəraitində yaşadığını diqqətə çatdırıb, Bakının böyük liman şəhəri olmasından bəhs edib.
Giyom dö Sardrın əsərləri Fransa Akademiyasının Fransua Moriak mükafatına layiq görülüb. O, Harvard Universiteti, Cenevrə İncəsənət və Dizayn Universiteti, Paris İncəsənət Milli Ali Məktəbi, Paris Müasir İncəsənət Muzeyi, Avropa Fotoqrafiya Evi və Cenevrə Müasir İncəsənət Mərkəzi ilə birlikdə həyata keçirilmiş layihələrin müəllifidir. Hazırda Fransa və Livan Fotomed festivalının proqramçısı, “Prussian Blue” müasir incəsənət jurnalının redaktorudur.