Budəfəki kino müsabiqəsində müharibə və sevgi mövzusunda ekran əsərləri çoxluq təşkil edir

İtaliyada dünya kinosunun ən mötəbər müsabiqələrindən sayılan ənənəvi Venesiya film festivalı avqustun 31-də işə başlayıb.
Venesiyanın Lido yarımadasında təşkil olunan kinofestival bu il 73-cü dəfə keçirilir. Qeyd edək ki, İtaliyada baş verən zəlzələ ilə əlaqədar festivalın təmtəraqlı açılış mərasimi olmayıb.
Festivalın açılış günündə ABŞ istehsalı olan “Aşiqlər şəhəri” (“La La Land”) film-müzikli göstərilib. Baş rollarda Emma Stoun və Rayan Qoslinqin çəkildiyi musiqili filmin rejissoru Demyen Şazelldir. Ekran əsəri Hollivud müzikllərinin “qızıl era”sına həsr olunub. Cey Key Simmons və ifaçı Con Lecendin də çəkildiyi film festivalın müsabiqə proqramında təqdim olunur. Builki Venesiya kinofestivalının münsiflər heyətinin sədri Sem Mendesdir.
Festivalda Türkiyədən Reha Erdemin “Böyük dünya” filmi də iştirak edir. Alman rejissor Wim Wendersin “Aranhausda son günlər” (“Les Beaux Jours d"Aranjuez”) filmi də festivalda diqqət çəkən siyahıdadır. Bu il festivalda cəmi iki qadın rejissor (İran əsilli ingilis ssenarist və rejissor Anna Lili Amirpour və italyan Martina Paranti) iştirak edir.
Məşhur rus rejissoru Andrey Konçalovskinin “Cənnət” (“Paradiese”) filmi İkinci Dünya müharibəsindən bəhs edir. Müharibə illərində mühacir rus qadın Olqa fransız Jül ilə sevgi yaşayır. Filmin baş rolunu rejissorun həyat yoldaşı Yuliya Visoçskaya oynayır.
Ümumiyyətlə, builki Venesiya festivalında müharibə dəhşətlərindən bəhs edən filmlər çoxluq təşkil edir. Bosniya-serb rejissoru Emir Kusturitsa 10 illik aradan sonra ilk dəfə “Süd yolu” (“On the Milky Road”) filmi ilə festivala qatılıb. Filmdə Bosniya müharibəsi zamanı yaşanan sevgi hekayəsi təsvir olunur.
Avstraliya və Amerika rejissoru Mel Gibson da uzun müddətdən sonra müharibədən bəhs edən “Vicdan mülahizələrinə görə” (“Hacksaw Ridge”) filmi ilə festivalda iştirak edir. Film İkinci Dünya müharibəsindən bəhs edir.
Xatırladaq ki, 2014-cü ildə Venesiya festivalında Azərbaycan rejissoru Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi kinofestivalın “Horizontlar” (“Orizzonti”) proqramında nümayiş olunmuşdu.
73-cü Venesiya film festivalı sentyabrın 10-dək davam edəcək.

Lalə