İyulun 7-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri) Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27 ili tamam oldu.
İşğala qədər Ağdərə (keçmiş Mardakert) rayonunun 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşamışdı. Doğma yurdlarından məcburən köçkün düşən insanlar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar.
Ağdərə rayonunun ayrı-ayrı kəndlərinin işğalı 1993-cü ilin fevralında başlamışdı, həmin ilin iyulunda isə rayon bütünlüklə erməni qüvvələri tərəfindən zəbt olundu. Hazırda Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altındadır.
Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtərçayın yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.