Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun və Azərbaycan icmasının birgə təşkilatçılığı ilə bu şəhərdə “Azərbaycan kinosu gecəsi” adlı layihəyə start verilib. Layihə çərçivəsində Azərbaycan filmlərinin təqdimatı planlaşdırılır.
Sentyabrın 2-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən tədbirdə rejissor Elçin Musaoğlunun 2009-cu ildə çəkdiyi “40-cı qapı” filmi nümayiş etdirilib.
Baş konsul Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edib.
Los-Ancelesdəki Azərbaycan icmasının fəallarından Kimya Məmmədova göstərilən dəstəyə görə icma adından baş konsulluğa təşəkkürünü ifadə edib, qarşıdakı dövrdə bu layihənin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bildirib. Qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd milli kinomuzun klassik və yeni nümunələrini tanıtmaqdır.
İcma fəalı “40-cı qapı” filmi barədə qısa məlumat verdikdən sonra qonaqlar ekran əsərinə tamaşa ediblər.