Kinoteatrlarda ekran əsərinin treyleri yayımlanıb

Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında romantik dram janrında çəkilmiş eyniadlı ekran əsərinin treyleri kinoteatrlarda yayımlayıb. 2015-ci ildə İngiltərənin "PeaPie Film" şirkəti tərəfindən çəkilən filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Oskar" mükafatçısı Asif Kapadia, ssenari müəllifi "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.
Filmdə XX əsrin əvvəllərində Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, neft paytaxtının siyasi, etnik və mədəni həyatı, I Dünya müharibəsi, qırğınlar fonunda müxtəlif dinə mənsub olan iki gəncin - azərbaycanlı Əlinin və gürcü qızı Ninonun məhəbbətindən bəhs olunur.
Çəkilişlər Bakıda, Qobustanda, Xınalıqda və başqa ərazilərdə aparılıb.
104 dəqiqə xronometrajı olan filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
Film ilk dəfə ABŞ-da "Sundance" beynəlxalq film festivalında nümayiş olunub. Filmin premyerası oktyabrın 6-da Bakıda keçiriləcək.

İlona Qubadova