Qırmızı planeti yerində kəşf etmək istəyən ölkələr sırasına Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də qoşulub. Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən Marsa göndəriləcək kosmik zond ərəb ölkəsinin növbəti kosmik missiyası olacaq. Kosmosa artıq 2 peyk və Beynəlxalq kosmik stansiyaya bir astronavt göndərən BƏƏ Mars missiyasının uğurla həyata keçiriləcəyinə inanır.

BƏƏ-nin Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin yaydığı məlumatda bildirilir ki, kosmik zond Marsa 2021-ci ilin fevralında – BƏƏ-nin yaradılmasının 50 illik yubileyində çatacaq. Ərəb ölkələri arasında ilk missiyanın layihəsi Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin ABŞ-ın Kolorado, Berkli və Arizona universitetləri ilə əməkdaşlığı şəraitində 2014-cü ildən həyata keçirilir. Mars zondunun planetin orbitində uçuşu altı ay davam edəcək və o, 493 milyon kilometr məsafə qət edəcək.

Qırmızı planetə kosmik missiya göndərilməsi BƏƏ-nin iqtisadiyyatının şaxələndirilməsi, habelə mühəndislik və texnologiyanın inkişafı baxımından əhəmiyyətlidir. Kosmik zondun buraxılışa hazırlanması Yaponiyada həyata keçirilib. BƏƏ-nin missiyası Marsın atmosferini və havasını tədqiq edəcək, Yerə məlumatlar isə gələn ilin avqust-sentyabr aylarında göndəriləcək.

Qeyd edək ki, ABŞ, Çin, Avropa Kosmik Agentliyi və Rusiyanın “Roskosmos” agentliyi də qarşıdakı illərdə Marsa missiya göndərməyi planlaşdırır.