AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli pedaqoq, publisist Qafur Rəşad Mirzəzadənin (1884-1943) fotoşəkilləri saxlanılır.
Muzeydən bildirilib ki, Qafur Rəşad Mirzəzadə XX əsrin əvvəllərində Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak edib, dövri mətbuatda müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış edib. 1908-ci ildə “Ayineyi-millət” (“Oyanınız, qardaşlar”) kitabını nəşr etdirib. Əsərdə maarifçilik əsarətdən qurtuluş vasitəsi hesab olunur. Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində onun xidmətləri böyükdür. Qafur Rəşad Azərbaycanda ilk coğrafiya dərsliklərinin yaradıcısı olub. “Ümumi coğrafiya”, “İbtidai coğrafiya”, “Coğrafiya terminləri lüğəti”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Xəritə üzərində əməli iş” və sair dərsliklər, vəsaitlər nəşr etdirib. “Rəhbəri-sərf” (Məmmədsadıq Axundov ilə birgə), “Rəhbəri-hesab” (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birlikdə) dərslikləri uzun illər məktəblərdə tədris edilib.
Milli uşaq ədəbiyyatının inkişafında da Qafur Rəşadın böyük xidmətləri var. O, Azərbaycanda “Məktəb” adlı ikinci uşaq jurnalının (1911-1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı ilk mətbəənin (Ə.T.Əfəndizadə ilə birgə) təsisçisi olub.
Qafur Rəşad Mirzəzadənin muzeydə qorunan fotoşəkilləri milli mətbuat və pedaqogika tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.