Sentyabrın 24-də Qazaxıstanın Almatı şəhərində XII Avrasiya Beynəlxalq film festivalı başlanıb. Mərasimdə məşhur rejissor, aktyor və festivalın qonaqları Respublika sarayının qarşısında sərilmiş qırmızı xalı üzərindən keçiblər. Festivala Cənubi Koreyanın istehsalı olan "Pusan qatarı" (rejissor En San-Xon) filminin nümayişi ilə start verilib. Müsabiqənin əsas proqramına 13 film daxil edilib. Onlardan 3-ü Qazaxıstan filmləridir.
Azərbaycandan rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi də festivalın əsas müsabiqə proqramına daxil edilib. “Qırmızı bağ” “Azərbaycanfilm” kinostudiyasının və Rusiyanın “WeiT Media” kino şirkətinin birgə istehsalıdır. Ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”). Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları oynayır.
Ümumilikdə, festivalın müxtəlif proqramları üzrə 110-dan çox film nümayiş olunacaq. İlk dəfə olaraq festivalda bədii filmlərlə yanaşı qısametrajlı filmlərin müsabiqəsi keçirilir. Festival proqramına həmçinin ərəb filmləri, sənədli filmlər və uşaq filmlərinin nümayişi daxildir.
Bu il təşkilatçılar festivala qatılmaq istəyən sakinlərə daha da əlverişli şərait yaradıblar. Film nümayişləri şəhərin müxtəlif yerlərində keçirilir və bütün seanslar pulsuzdur.
XII Avrasiya Beynəlxalq film festivalına sentyabrın 30-da yekun vurulacaq.
İ.Qubadova